BANM tələbəsi BP-nin müsabiqəsində qalib olub - FOTO

BANM tələbəsi BP-nin müsabiqəsində qalib olub - FOTO

6 Sentyabr 2016 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının 3-cü kursunda təhsil alan Elşən Mikayılov BP şirkəti tərəfindən yay təcrübəçiləri üçün təşkil olunmuş "Techno Fest 2016" layihə təqdimatı yarışmasında 29 təcrübəçi arasından seçilərək birinci yeri tutub. Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Elşən Mikayılov özünün "Bridge Racking Crane Grip Guide İnterlock" adlı proqram təminatı yenilənməsi layihəsini yarışda uğurla təqdim edərək birinci yerə layiq görülüb. Bu ilin yayında BANM-in ümumilikdə, 17 tələbəsi BP-də istehsalat təcrübəsi keçib.

Qeyd olunub ki, Mikayılov Elşən Rövşən oğlu 1996-cı ildə Göyçay rayonunda anadan olub. 2013-cü ildə Göyçay rayonu Qızılağac kənd tam orta məktəbini bitirərək TQDK-nın ali məktəblərə I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 682 bal toplayaraq BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına daxil olub və Prezident təqaüdünə layiq görülüb. Ali Məktəbdə keçirilən intellektual yarışlarda, seminar və təlimlərdə fəal iştirak edib. 2016-cı ildə BANM-də keçirilən "1-ci Robotiks Yarışması"nda "Moon Walkers" komandasının üzvü olaraq 2-ci yerə layiq görülüb.

Keçən il BANM-in "Neft-qaz mühəndisliyi" ixtisası üzrə IV kursda təhsil alan tələbəsi Fidan Səlimzadə də iyulun 2-dən sentyabrın 10-dək BP şirkətində yay istehsalat təcrübəsində olduğu zaman keçirilən "Texno Fest 2015" müsabiqəsinə qoşulmuşdu və I yeri qazanıb.

BP-nin hər il həyata keçirdiyi "Texno Fest" adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. (apa)

Mediainfo.az