Bir sərxoş kişi iki polis əməkdaşını necə döyə bilər?

Bir sərxoş kişi iki polis əməkdaşını necə döyə bilər?

2 Sentyabr 2016 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən bir neçə sayt xəbər yaydı ki, Şabranda sərxoş kişi (!) iki polis əməkdaşını (!) döyüb. Maraqlı olduğu qədər həm də təəccüblüdür. Doğurdanmı, bir nəfər, özü də sərxoş halda iki cüssəli gənc polis əməkdaşını döyə bilər? Əgər həqiqətən döyə bilibsə, deməli o sərxoş boks üzrə ən azından respublika çempionu olub.

Elə bu maraqla da DİN-in Mətbuat Xidməti ilə əlaqə yaratdıq. Xidmətin rəis müavini Ehsan Zahidovun virtualaz.org-a dedikləri şübhəmizin heç də əsassız olmadığını bir daha təsdiqlədi:

- Çox təəssüf edirəm ki, mətbuat nümayəndələri ilə dəfələrlə apardığımız izahedici söhbətlərə baxmayaraq "müqavimət göstərmək"lə "döymə"ni, "əxlaqsızlıq yuvası təşkil etmək"lə "insan alveri"ni bir-birindən fərqləndirə bilməyən qələm dostlarımıza hələ də rast gəlirik. Sizin də haqlı olaraq qeyd etdiyiniz kimi, bu gün Azərbaycanda bir sərxoş yox, heç bir neçə sərxoş da bir polis əməkdaşını döyə bilməz. Çünki buna əvvəla Qanunlarımız, sonra da bugünkü polislərimizin fiziki hazırlığı imkan vermir. Məntiqi baxımdan da inandırıcı deyil ki, təxminən 1metr 80 sm boya malik, fiziki cəhətdən tam sağlam və əlbəyaxa döyüş növünə yiyələnmiş, istifadəsində rezin dəyənək, gözyaşardıcı qaz balonu, qandal, ratsiya və digər müdafiə vasitələri olan iki gənc polis əməkdaşını ayaq üstə güclə dayanan bir sərxoş döysün...

Yeri gəlmişkən, sensassiya, süni reytinq dalınca qaçan, yazdıqları oxunsun deyə, baş vermiş hadisəni və ya törədilən cinayəti bilərəkdən təhrif etmək peşəkar jurnalistikaya qətiyyən uyğun gəlməyən ucuz piryomdu. Bununla da belə "yazarlar" həm oxucunu aldatmış olurlar, həm də KİV haqqında Qanunun və jurnalist etikası haqqında kodeksin tələblərini kobud formada pozurlar. Sözugedən xəbərdə də fakt təhrif edilərək saytlarda yayımlanıb.

Bəs əslində nə baş verib? Bir neçə gün öncə Siyəzən rayon sakini Musa Hüseynov adlı şəxs gecə saatlarında Şabran şəhərinin mərkəzində idarə etdiyi avtomobillə yol hərəkət hadisəsi törədib. Həmin vaxt ərazidə xidmətdə olan bir polis əməkdaşı hadisə yerinə yaxınlaşıb. Polisi görən sürücü nədənsə bərk qəzəblənərək onun ünvanına təhqiramiz ifadələr işlətməklə hadisə yerindən getməsini istəyib. Sürücünün sərxoş olduğu açıq-aydın hiss edildiyindən polis onu nizam-intizama dəvət edərək, təhqirlərinə son qoymağı tələb edib. O isə polisin qanuni tələbinə məhəl qoymayaraq ona müqavimət göstərməkdə davam edib. Post Patrul Xidmətinin naryadı hadisə yerinə gəldikdən sonra necə deyərlər, "ipə-sapa yatmayan" gənc zərərsizləşdirilərək müvafiq araşdırmaların aparılması üçün Rayon Polis Şöbəsinə gətirilib. Şöbənin həyətində də o öz isterik hərəkətlərini, təhqirlərini və müqavimətini davam etdirib. Belə olduğu təqdirdə polis əməkdaşları qanunun tələblərinə uyğun olaraq onu tam zərərsizləşdirərək müvafiq sənədləşmə işlərini də aparıblar.

Onu da qeyd edim ki, polisə müqavimət göstərən M.Hüseynov zərərsizləşdirilərkən iki polis əməkdaşına yüngül bədən xəsarəti də yetirib. İlkin araşdırma zamanı məlum olub ki polisə müqavimət göstərən bu şəxs cavan olmasına baxmayaraq artıq üç dəfə məhkumluq həyatı yaşayıb. Hazırda rayon prokurorluğunda cinayət işi qaldırılıb, istintaq aparılır.

Mediainfo.az