Həcc ziyarəti marşrutunda dəyişiklik edilib

Həcc ziyarəti marşrutunda dəyişiklik edilib

2 Sentyabr 2011 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) azərbaycanlı zəvvarlar üçün müqəddəs Həcc ziyarətinin marşrutunda dəyişiklik edib. Bu barədə APA-ya QMİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. O, ziyarətə avtobusla gedəcək zəvvarların marşrut dəyişikliyini Suriyada baş verən hadisələrlə izah edib: "Biz əvvəlki illərdə Səudiyyə Ərəbistanına İraqdan daxil olurduq. Sonradan İraqda baş verən hadisələrlə əlaqədar marşrutu dəyişərək Azərbaycan-Gürcüstan-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutundan istifadə edirdik. Bu il isə Suriyada baş verən hadisələrlə əlaqədar olaraq marşrutu yenidən dəyişdirdik. Bu il Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəyik".

M. Payızov marşrutda dəyişiklik olunmasının qiymətlərə təsir etməyəcəyini deyib. Bununla yanaşı, o, zəvvarların digər müqəddəs yerləri ziyarət etmək imkanına malik olacaqlarını da vurğulayıb. Belə ki, zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı ziyarət edə biləcək.

Qeyd edək ki, QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2 000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Allah bütün zəvvarların ziyarətini qəbul etsin.

Tofiq Əliyev

O.M.