“Nardaran işi” üzrə məhkəmə davam etdirilib

“Nardaran işi” üzrə məhkəmə davam etdirilib

1 Sentyabr 2016 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ceyhun İmamverdiyev şahid qismində sualları cavablandırıb.

O bildirib ki, təqsirləndirilən şəxslərə saxlanılan zaman və istintaq müddətində işgəncə verilməyib.

Vəkil Yalçın İmanov Taleh Bağırovun olduğu evin həyətinə əlavə mühafizə qüvvələrinin daxil olub-olmamasını soruşub.

O, əlavə qüvvələr görmədiyini deyib.

Şahid Etibar İsmayılovun əlində xəncər olduğunu, üzərindən qumbara çıxdığını bildirib. E. İsmayılov isə üzrəində silah olmadığını deyib.

İclasda təqsirləndirilən Şamil Abduləliyevin vəkili onun ev dustaqlığına buraxılması, vəkil Nemət Kərimli isə şahid Elçin Tağıyevin psixiatrik ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. Bildirib ki, E. Tağıyev suallara cavabları xatırlamadığını deyib. Dövlət ittihamçısı isə vəsatətlərin təmin edilməməsini istəyib. Bildirib ki, E. Tağıyev geniş ifadə verib. Ziddiyyət hissələrdə ifadəsi elan edilib.

Məhkəmə müşavirəyə gedib. İclas günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Mediainfo.az