Bağlanan radio ilə bağlı RƏSMİ AÇIQLAMA

Bağlanan radio ilə bağlı RƏSMİ AÇIQLAMA

1 Sentyabr 2016 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Avto FM"-in yayım hüququ bütövlüklə Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində fəaliyyət göstərən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) məxsusdur. "Avto FM" MMC ilə müqaviləyə əsasən yayıma adıçəkilən şirkət çıxırdı. Sentyabr ayının 1-dən bu müqaviləyə xitam verilib. Bu gündən yayım hüququ tamamilə NİİM-ə keçib".

Bunu BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, tezlik BNA-ya keçib və radionun adı dəyişəcək: "Ola bilsin ki, yeni mövsümdən proqramların adı və formatı dəyişsin. Ümumiyyətlə, radionun fəaliyyətində ciddi dəyişiklik yoxdur. Bir neçə gün ərzində radioda non-stop rejimdə musiqilər yayımlanacaq, lakin gələn həftədən radio fəaliyyətini tam bərpa edəcək" Qurum rəsmisi əlavə edib ki, radioda çalışan heç bir əməkdaş işdən çıxarılmayıb. (apa)

10:27

107.7 dalğasında yayımlanan Avto FM radiosu fəaliyyətini dayandırıb.

Radio artıq yayımda deyil. İlkin məlumata görə, sentyabrın 1-i saat 00.00-dan yayımın dayandırılması barədə qərarı təsisçi verib və əməkdaşlarla müqaviləyə xitam verilib.

Avto FM 2013-cü il tarixdə fəaliyyətə başlayıb və 107.7. MHz tezliyində yayımlanıb.

Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Radionun əməkdaşları iş yerində çəkdirdikləri son fotonu "Sonuncu foto" qeydi ilə paylaşıblar. Radionun aparıcısı Günel Hümbətova da Avto FM-in bağlanması barədə sosial şəbəkədə məlumat verib. O, studiyada çəkilmiş son fotosunu paylaşıb və yazıb: "Radionu çox sevirəm. Radioda işləməyi isə heç bir işə dəyişməyəcək qədər. Avto FM-i xüsusilə sevirdim. Bu gündə Avto FM yayımını dayandırdı. Çox darıxacam...".

Radionun təsisçisi olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə yayımın dayandırılması ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.

Mediainfo.az