Turan-Samir Ibrahimov "Açıq söhbət" edəcək

Turan-Samir Ibrahimov "Açıq söhbət" edəcək

2 Sentyabr 2011 01:05
Bəyəndim (0) Bəyənmədim (0)
Teleaparıcı ANS-dəki fəaliyyətini davam etdirəcək

Nəhayət ki, çoxlarının gözü yoldan çəkiləcək, əsasən də SSRİ vaxtı banklarda pullarını itirənlərin və pensiyaların artırılmasını səbirsizliklə gözləyənlərin. Belə ki, "Günəbaxan" verilişinin keçmiş aparıcısı Turan-Samir İbrahimov yenidən efirə qayıdır! Bəzi məmurların qənimi olan jurnalist-teleaparıcı tezliklə ANS telekanalında fəaliyyətini davam etdirəcək.

"Şou-bizneslə qurtarmışam, artıq ictimai-siyasi mövzuda verilişlər aparacağam. Bilirsiniz, bəziləri elə bilirlər ki, (hətta dəfələrlə izahıma baxmayaraq) bu bir ildə efirə çıxmamağımın səbəbi "Günəbaxan"dakı tənqidlərim olub. Yəni məni efirdən kənarlaşdırıblar. Amma seçkilərə qatıldığım üçün qanunla efirdən getməli idim. Sonra isə sezonun ortası olduğu üçün özüm qayıtmadım. Həm də siyasi proseslərdə rahat iştirak etmək üçün bu mənə lazım idi... İndi isə sırf ictimai-siyasi bir verilişlə, mənə lazım olan məqamda qayıdıram", - deyən Turan çox güman ki, gələn həftənin cümə günündən etibarən, gecə saat 23.00-da "Açıq söhbət" verilişinə başlayacaq. Onu da əlavə edək ki, efir canlı olaraq yayımlanacaq. Beləcə, T.İbrahimov qoyulacaq mövzularla bağlı canlı şəkildə açıq söhbət aparacaq. Qoşulmaq istəyənlər ANS telekanalı və ya aparıcı ilə "Facebook" internet şəbəkəsi vasitəsilə əlaqə saxlaya bilər.

Yeri düşmüskən, uzun müddətdir ki, Turan sözügedən şəbəkədə görünmürdü. Dünən məlum oldu ki, sən demə, gözü götürməyənlər onun parolunu sındıraraq, profilini ələ keçiriblərmiş. Ancaq sonradan jurnalist profilini yenidən bərpa etməyi bacarıb.

Deməli, bu insanda qorxu-hürkü yoxdur, məhz elə buna görə də verilişinin adını "Açıq söhbət" qoyub. Uğurlar!

Könül Aypara