Azərbaycan prezidenti özbəkistanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti özbəkistanlı həmkarını təbrik edib

31 Avqust 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan dövlət başçısı İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimova təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir: "Özbəkistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycanla Özbəkistan arasındakı dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə və ənənələrə malikdir. Ortaq mənəvi dəyərləri bölüşən, bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsi, qarşılıqlı etimad və dəstəyi ilə bu gün həmin ənənələr yeni məzmun kəsb etməkdədir.

Əminəm ki, dövlətlərarası münasibətlərimizin, çoxşaxəli dostluq əlaqələrimizin və əməkdaşlığımızın hazırkı dinamik inkişafı və zəngin potensialı daim xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə xidmət edəcək.

Bu xoş gündə Sizə, hörmətli İslam Abduqəniyeviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Özbəkistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Tofiq Əliyev

O.M.