Qubadlının işğalından 18 il ötür

Qubadlının işğalından 18 il ötür

31 Avqust 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

1993-cü il avqustun sonlarında Qubadlı işğaldan əvvəlki son günlərini yaşayırdı, rayon artıq ermənilərin əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri: Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını olduğunu göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətindən hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən ermənilər Qubadlını işğal etmək istəyirdi. Hər dəfə də yerli özünümüdafiə dəstələrinin müqavimətinə rast gələrək, itki verib geri çəkilirdi. Ermənistan ordusu rayona doğru hərəkət etdikcə vəziyyət gərginləşirdi. Buna baxmayaraq, qubadlılılar vuruşdu. Məğlub olmaq istəməyən rayon camaatı avqustun 31-i rayonu tərk etmək məcburiyyətində qalır. Buna səbəb silahın olmaması, ordunun normal fəaliyyət göstərə bilməməsi və düşmənin kifayət qədər güclü silahlanması idi.

Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, "Gavur dərəsi" deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda "Qalalı" qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.

Qeyd edək ki, Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlı ümumilikdə 230 şəhid verib, 146 nəfər əlil qalıb.

Torpaqdan pay olmaz, deyiblər. Bu gün Azərbaycanın öz torpaqlarını geri qaytarması üçün igid oğulları, güclü ordusu var. Torpaqlarımızın geri qaytarılması üçün hər bir azərbaycanlı canından keçməyə hazırdır.

Tofiq Əliyev

O.M.