Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən bəhs edən kitab çap olundu

Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən bəhs edən kitab çap olundu

29 İyul 2016 15:08
251
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə "Türkman sülalələri" (Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi haqqında "İranın Kembric tarixindən" çıxarışlar) kitabı işıq üzü görüb.

Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, bu yeni nəşr "İranın Kembric tarixindən" çoxcildliyinin VI bölməsinin tərcüməsidir. Kitabın tərcüməçisi tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundovadır.

Terminlər və sülalə adları lüğətinin də yer aldığı nəşr XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində baş verən əsas tarixi hadisələri əks etdirən məlumat kitabçası kimi də istifadə oluna bilər.

Layihənin məsul redaktoru və "Ön söz"ün müəllifi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Kitab Azərbaycanın orta əsrlər tarixi ilə maraqlanan geniş oxucu kütləsi, o cümlədən tarixçi, müəllim, tələbələr üçün nəzərdə tutulub.

Mediainfo.az