Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilir

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilir

29 İyul 2016 09:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.

Bu mərhələdə aprelin 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər.

İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub.

İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Jurnalistika ixtisasına qəbul olmaq üçün 815 abituriyent qeydiyyatdan keçib. Onlardan 539 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 129 nəfərini oğlanlar, 410 nəfərini qızlar təşkil edir. 509 abituriyent Azərbaycan, 30 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul" ilə qiymətləndirilir.

Mediainfo.az