Hərbi prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi prokurorluqda geniş kollegiya iclası keçirilib

26 İyul 2016 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Respublika Hərbi Prokurorluğunda Hərbi prokurorluğun rəhbər heyətinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2016-cı ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini –Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev cari ilin altı ayında hərbi prokurorluq orqanları silahlı birləşmələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırıb, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, digər təsirli tədbirlər görülüb.

Bu ilin birinci yarısında hərbi prokurorluq orqanlarında vətəndaşların 995 müraciətinə baxılıb, 478 vətəndaş mərkəzi aparatda qəbul olub, ərazi hərbi prokurorluğunda 1497 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1206 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar verilib.

X.Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hesabat dövründə görülmüş müsbət işlərlə yanaşı, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Kollegiyada çıxış edən Respublika Hərbi Prokurorunun müavinləri Şəfahət İmranov, Rasim Kazımov, Respublika Hərbi Prokurorluğunun şöbə rəisi Aydın Ələsgərov, Gəncə hərbi prokuroru Əmrah Mehtiyev, Lənkəran hərbi prokuroru Elçin Hacıyev və Zaqatala hərbi prokuroru Mustafa Əsgərov hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Mediainfo.az