Vəkil müdafiə etdiyi şəxsin  ev dustaqlığına buraxılmasını istəyib

Vəkil müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib

26 İyul 2016 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Fərid Sadıqovun vəkili Rəsmiyyə Qəhrəmanova vəsatətlə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində problem olduğuna görə ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Proses avqustun 2-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada dünyasını dəyişib. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir.

Mediainfo.az