Azər Tağıyev prezidentin qovduğu şəxsi Vəkillər Kollegiyasına üzv edib

Azər Tağıyev prezidentin qovduğu şəxsi Vəkillər Kollegiyasına üzv edib

23 İyul 2016 01:51
Bəyəndim (0) Bəyənmədim (0)

Vəkillər Kollegiyası(VK) vəkil Şəfiqə Nağıyevanın fəaliyyətini dayandırıb.

Şəfiqə Nağıyeva bunu özünü qarşı haqsızlıq adlandırmaqla VK sədri Azər Tağıyevin ünvanına ittihamlar yağdırıb. Ş.Nağıyeva gununsesi.info-ya deyib ki, A.Tağıyev onunla illərdir ki, mübarizə aparır: "Mənə qarşı haqsızlıq olub. Mən məhkəməyə müraciət edəcəyəm. Azər Tağıyev uzun illərdir ki, mənimlə mübarizə aparır".

Ş.Nağıyeva bildirib ki, populyarlığı Azər Tağıyevin qisqanclığına səbəb olub: "Ayıbdır, kişi bir qadınla mübarizə aparır. Məni ləkələmək istəyir. Bir günahım varsa, qanunla tənzimlənsin, daha fəaliyyətim niyə dayandırılır? Kollegiyada vəkil deyilən kəs qalmayıb. Aslan İsmayılov, Namizəd Səfərov, bir sözlə, Azərbaycanın bütün tanınmış vəkillərini kollegiyadan uzaqlaşdırıb. Bu adamın gözü heç kimi götürmür. Biz haqsızlıqlara dözə bilmirik. İstəyirlər ki, hamı Azər Tağıyevin qarşısında baş əysin. Əslində isə Vəkillər Kollegiyasında cinayətkarlar, məsuliyyətə cəlb olunmuşlar da işləyir. İndi ad çəkmirəm, amma lazım olsa onların adını açıqlayacağam".

Ş.Nağıyeva qeyd edib ki, bu yaxınlarda vəkillərdən biri həbsxanaya telefon keçirərkən yaxalanıb, amma A.Tağıyev həmin adamı müdafiə edib: "Niyə müdafiə edib? Özü də həmin vəkil İntizam Komissiyasının sədridir".

A.Tağıyev VK-nı niyə bu vəziyyətə salıb? A.Tağıyev vəkillərin çiyinləri üzərində bu posta gətirəniləndə kim idi, indi kimə çevrilib?

Qanuna vuralan yamaqların bədəli

Qısa xatırlatma. 2004-cü il yanvarın 22-si. "Avropa" hotelində Prezidentin İcra Aparatı(indiki Prezident Adminstrasiyası), ATƏT-in Bakı ofisi və Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsünün (ABA CEELİ) Azərbaycandakı nümayəndəliyi ilə birlikdə təşkil etdiyi vəkillik sahəsinin islahatları mövzusunda konfrans keçirilir.

Tədbirdə Avropa Şurası, ATƏT-in Bakı ofisi, ABA CEELİ, GTZ, TACİS, USAİD, ABŞ səfirliyinin nümayəndələri, Ankara Vəkillər Bürosunun başqanı, VK-nın, Prezidentin İcra Aparatının, Baş Prokurorluğun, Ombudsman Aparatının, Konstitusiya Məhkəməsinin, Azərbaycan Hüquqşünasları Forumunun nümayəndələri, bir sıra hüquq firma və təşkilatlarının üzvləri, KİV nümayəndələri iştirak edir. Tədbirdə çox vəkillər çıxış edib dəyərli fikirlər söyləyir. Qeyd edirlər ki, "Vəkillər və vəkillik fəaliyyəti haqda" Qanuna əlavə və düzəlişlər adında yamaq vurmağa ehtiyac yoxdur. Əvəzində yeni qanun əvəzinə yeni kollegiya sədri seçilməsinin ən düzgün yol olduğu ölkə rəhbərliyinin və beynəlxalq təşkilat nümayəndələrinin diqqətinə çatdırılır.

A.Tağıyevin müdafiəsinə qalxan bir xanım nümayəndə isə deyir ki, buna heç bir ehtiyac yoxdur. Onun bu sözləri vəkil Əyyub Kərimovun etirazına səbəb olur və o, bu gün üçün də aktual olan sualları A.Tağıyevə verir: "Sözünüzə əməl etmisinizmi, Azər Tağıyev? 1992-ci ildə "Femida" qəzetinə verdiyin müsahibəni xatırlayırsan? Görürəm ki, yox, bəzi məqamları yada salmaq lazımdır. Müsahibənizdə demişdiniz ki, "....müdafiə institutu hakimiyyət orqanının tabeliyindən çıxarılmalıdır". Çıxarılıbmı? "...Vəkillər Kollegiyası qədər ikinci bir hüquqsuz orqan yoxdur. İndi belə deyilmi? "...Vəkillik fəaliyyəti ilə bağlı konsepsiyalar hazırlanmalıdır" - demişdiniz. Hazırlanıbmı? İşçi qrupunda hər hansı fikir ayrılığı olubmu ki, ona müqavimət göstərəsiniz?"

Beləcə, Ə.Kərimov A.Tağıyevin kreslo ilə doğmalaşmasını və nəticədə üzə çıxan biabırçılığı tədbir iştirakçılarının diqqətinə çatdırmışdı.

Yamaqlı qanunun mürtəce övladı

Ötən illər ərzində "Vəkillər və vəkillik fəaliyyəti haqda" Qanuna elə dəyişikliklər olub ki, bu gün Vəkillər Kollegiyasının sədri Azər Tağıyev məhkəməsiz-filansız istədiyi vəkili kollegiyadan uzaqlaşdıra bilir. Vəkillərin Vəkillər Kollegiyası adlı qurumdan özlərini müdafiə etmələri üçün bircə yolları qalıb – Azər Tağıyevin şəxsi xahiş və istəklərini susqun razılıqla yerinə yetirmək. Özü də təkcə Azər Tağıyevin deyil, əks cinahda olan hüquq mühafizə orqanlarından gələn göstərişləri də yerinə yetirməlidirlər. Müdafiə institutu üzərində tam qələbənin elanı üçün Azər Tağıyevin ömürlük sədrliyi məsələsinin həlli qalıb.

Bu günə qədər A.Tağıyev özünü bir neçə dəfə VK sədri elan edib və artıq ömürlük olaraq sədrlik uğrunda mübarizənin pik nöqtəsinə yaxınlaşıb. Odur ki, öz sözünü deyən, cəmiyyətdə müəyyən qədər tanınan, məhkəmələrdə həqiqi vəkillik fəaliyyəti ilə məşğul olan hər kəsi potensial rəqibi kimi görür.

A.Tağıyevin vəkil olmaq istəyənlərə qarşı addımları da ömürlük sədrliyə gedən yolun tarazlaşdırılmasına xidmət edir. Ş.Nağıyeva bildirir ki, VK-da cinayətkarlar var. O, kimi nəzərdə tutur?

Bu xüsusda yazdıqlarımıza bir də nəzər salaq.

"Şifahi dedilər ki, imtahana buraxmırlar"

2005-ci ilin yanvarında vəkilliyə qəbul üçün sənədlərini VK-ya təqdim edən Abdulla Əfəndizdənin başına gələnlər bu biabırçılıqların bu gün də davam etdiyini və daha pis forma aldığını göstərir. A.Əfəndizadə deyir ki, test imtahanlarını verərək şifahi müsabiqəyə buraxılıb. Lakin testdən keçən A.Əfəndizadə şifahi imtahandan keçməyib: "2006-cı ildə mənə məlum oldu ki, imtahanda mənə sual verən Azər Tağıyev vəkillərin ixtisas komissiyasının nəinki sədri, hətta sıravi üzvü də olmayıb. Demə, mənə cəmi bir sual vermiş Ramiz İbrahimov komissiyanın sədri imiş. Ona görə də məhkəməyə müraciət etdim".

A.Əfəndizadə deyir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqda" Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən ixtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla ixtisas komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər: "2007-ci ilin yayında VK-ya rəsmi müraciət etdim. Mənə rəsmi cavab vermədilər. Şifahi dedilər ki, imtahana buraxmırlar. Bunun səbəbini izah da etmədilər".

Prezidentin qovduğu şəxsi Azər Tağıyev Vəkillər Kollegiyasına imtahansız qəbul edib

A.Əfəndizadə demişdi ki, vəkil olmaq istəyən savadlı insanlar A.Tağıyevin qanunsuz hərəkətləri nəticəsində kənarda qalır. Rüşvətxor və biabırçı hərəkətlərinə görə prezident fərmanı ilə hakimlikdən qovulan şəxslər isə kollegiyaya üzv qəbul olunur: "Azər Tağıyev o qədər arxayınlaşıb ki, 2009-cu ilin iyul ayında prezidentin fərmanı ilə 2005-ci ildə hakimlik vəzifəsindən uzaqlaşdırılan şəxsi - Nizami Rayon Məhkəməsinin keçmiş hakimi Vilayət Nadirovun test imtahanları vermədən kollegiyaya üzv qəbul edilməsi barədə qərar çıxarıb. Necə olur? Mən 2005-ci ildə test imtahanlarını uğurla verirəm, şifahi müsabiqədən keçmirəm. 2007-ci ildə müraciət edirəm, mənə heç bir cavab göndərilmir. Lakin digərləri, o cümlədən prezidentin fərmanı ilə 2005-ci ildə hakimlik vəzifəsindən uzaqlaşdırılan Vilayət Nadirovun test imtahanları vermədən kollegiyaya üzv olması barədə qərar verilir".

Haqlı suallardır. Ə.Kərimovun 2004-cü ildə, A.Əfəndizadənin isə 5 il sonra, S.Nağıyevanın 7 il sonra verdiyi suallara A.Tağıyevin cavabını dərc etməyə hazırıq. (musavat)

E.MƏMMƏDƏLİYEV