Milli Mətbuatın 141 illiyi ilə bağlı tədbir

Milli Mətbuatın 141 illiyi ilə bağlı tədbir

22 İyul 2016 17:10
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan jurnalistləri beynəlxalq arenada öz sözlərini deməli, ölkəni tanıtmalıdırlar”.

Azərbaycan Milli Mətbuatının yaranmasının 141 illiyi ilə bağlı Bakıda "Altun Saray" restoranında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı bayram tədbiri keçirilib. Movqe.az xəbər verir ki, tədbirdə hökumət üzvləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, ölkəmizin aparıcı media orqanlarının rəhbərləri və jurnalistlər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Çıxış edən KİVDF rəhbəri Vüqar Səfərli Mətbuat Günü ilə bağlı tədbir iştirakçıları salamlayaraq təbriklərini çatdırıb. V. Səfərli qeyd edib ki, təkcə jurnalistlər yox, bütün ictimaiyyət bu günü bayram kimi qeyd edir. V. Səfərli deyib ki, milli mətbuatımız keçməkeşli yol keçib: "Mətbuata diqqət və qayğısı günü-gündən artır. Dövlət başçısı tərəfindən mətbuat işçilərinin sosial rifahlarının yaxşılaşdırılması istiqamətində bir çox göstəriş və sərəncamlar imzalanıb ki, onlardan biri də 2013-cü ildə jurnalistlərin mənzillə təmin olunmasıdır. V. Səfərli bildirib ki, Milli Mətbuatın 141 illiyi ilə əlaqədar elan olunmuş müsabiqəyə 70 KİV-dən 167 yazı təqdim olunub: "Müsabiqə 19 istiqamət üzrə keçirilib. Onlardan ikinci, üçüncü yeri tutan 95 nəfəri dünən keçirilən tədbirdə mükafatlandırıldı. Bu gün isə 19 jurnalist birinci yeri tutduğuna görə mükafatlandırılacaq. Bu müsabiqədə bu dəfə region mətbuatı daha fəal iştirak edib".

V. Səfərli il ərzində yerli icra hakimiyyətləri ilə keçirilən müsabiqələr barədə də məlumat verdi.

Tədbirdə iştirak edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edərək jurnalistləri təbrik edərək bildirib ki, Azərbaycan dövləti milli mətbuata dəstəyini hər zaman olduğu kimi, əsirgəmir. Əli Həsənov 2013-cü ildə 156 jurnalistin mənzillə təmin olunduğunu qeyd edərək vurğulayıb ki,jurnalistlər üçün tikilən yeni binada işlər ilin sonunadək başa çatacaq. Ə. Həsənov Azərbaycan mətbuatının keşməkeşli, lakin şərəfli yol keçdiyini də vurğulayıb. Ə. Həsənov bildirib ki, Azərbaycan mətbuatının qarşısında duran tələblər, əsas vəzifələr olaraq qalmaqdadır. Ə.Həsənov qeyd edib ki, hökumətin də jurnalistlərdən umacaqları var: "Azərbaycan jurnalistləri öz səviyyələrini yüksəltməlidirlər. Beynəlxalq arenada öz sözlərini deməlidirlər, ölkəni tanıtmalıdırlar".

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın inkişafına daim diqqət göstərdiyini deyən Ə.Həsənov məhz Heydər Əliyev tərəfindən "Əkinçi" qəzetinin nəşr olunmağa başladığı 22 iyulun Azərbaycanda Milli Mətbuat Günü elan edildiyini xatırladıb: "Heydər Əliyev söz və məlumat azadlığını, fikir plüralizmini Azərbaycanda Konstitusiya normasına çevirdi, 1992-ci ildə tətbiq olunmuş və milli mətbuatın inkişafı yolunda ciddi maneəyə çevrilmiş senzuranı 1998-ci ildə aradan qaldırdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və Azərbaycan dövləti mətbuat üzərində dövlət nəzarətindən imtina etdi. Məhz ümummilli liderin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən demokratik qanunvericilik bazası yaradıldı, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu".

Ə.Həsənovun sözlərinə görə, Heydər Əliyev milli mətbuatımızın inkişafına hərtərəfli dövlət dəstəyini vacib şərt hesab edirdi. Buna görə də 1998-ci ilin sonunda qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edildi, 2001-ci ildə qəzet kağızına gömrük rüsumları ləğv olundu, 2002-ci ildə KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün büdcədən xüsusi vəsait ayrıldı, 2003-cü ildə qəzetlərin "Azərbaycan" nəşriyyatına borcları 3 il müddətinə donduruldu, 2005-ci ildə isə həmin vəsaitin dövlət büdcəsi hesabına ödənilməsi barədə sərəncam imzalandı: "Heydər Əliyevi mətbuata sevdirən ən başlıca səbəblərdən biri də ulu öndərin həmişə jurnalistlərlə yaxın təmas qurması, onların problemlərinə həssas münasibəti və hər bir halda çətinliklərin aradan qaldırılmasına çevik reaksiyası olub. Bu gün Azərbaycanda əsası Heydər Əliyevin tərəfindən qoyulmuş media siyasəti və ənənələri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Ə.Həsənov bildirib ki, Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, əməli şəkildə onun çağırışlarına dəstək verir: "Təsadüfi deyil ki, ölkə jurnalistləri 2010-cu və 2013-cü illərdə İlham Əliyevi "Jurnalistlərin dostu" seçmişlər. Bundan başqa, bu gün aparıcı media qurumlarımız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edərək Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar. Regionumuzda və dünyada baş verən hadisələrə və proseslərə nəzər salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını görməmək mümkün deyil".

PA rəsmisi deyib ki, 2009-cu ildən ötən dövr ərzində Azərbaycan dövlət büdcəsindən KİV layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 40 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2005, 2008 və 2016-cı illərdə redaksiyalara milyonlarla manat vəsait verilib: "Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyildir".

Ə. Həsənov deyib ki, regionda və dünyada baş verən hadisələrə və proseslərə nəzər salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını görməmək mümkün deyil: "Ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmaları, sosial fəlakət və bu kimi digər neqativ hallar artıq günümüzün reallığına çevrilib. Qlobal informasiya məkanına nəzarət meylləri güclənir, müxtəlif xarici dairələr transmilli media resursları vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar və əfsus ki, müəyyən mənada buna nail olurlar. Bu gün biz özlərini demokratiya nümunəsi kimi təqdim edən ölkələrdə ayrı-ayrı irqlərin, xalqların və dinlərin nümayəndələrinə qarşı dözümsüzlüyün geniş vüsət aldığını, multikultural dəyərlərdən, tolerantlıqdan geriyə dönüşü müşahidə edirik. Transmilli media isə ayrı-ayrı dairələrin maraq savaşına dəstək verir, müxtəlif ölkələrin daxili işlərinə müdaxilə, hakimiyyət çevrilişləri, vətəndaş qarşıdurmasını stimullaşdırır. Lakin biz fəxrlə deyə bilərik ki, əsrlərə tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bu mənfi meylləri inkar edir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan ayrı-ayrı xalqların, etnik qrupların, dinlərin qarşılıqlı dözümlülük deyil, qarşılıqlı ehtiram və hörmətin qorunduğu məkandır.

Azərbaycan multikultural dəyərləri təşviq etməklə bütün dünyaya bir daha göstərir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bir ölkədə, eyni torpaqda firavan, dostluq və qardaşlıq mühitində yaşaya bilərlər. Əlbəttə, burada Azərbaycan mediasının oynadığı rolu, cəmiyyətimizdə harmoniyanın güclənməsi üçün verdiyi töhfələri qeyd etməmək mümkün deyil. Hesab edirəm ki, bu da Azərbaycan mediasının prezidentin çağırışına cavabı, "Əkinçi" ənənələrinə sadiqliyinin təzahürüdür. Düşünürəm ki, Azərbaycan jurnalistikası daim bu yolla getməli və öz ənənəsinə, tarixinə sadiq qalmalıdır".

Sonda jurnalistlərə mükafatlar təqdim edilib.

Mediainfo.az