Telman İsmayılov Rusiyaya qayıdır

Telman İsmayılov Rusiyaya qayıdır

22 İyul 2016 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan əsilli keçmiş milyarder Telman İsmayılov yenidən Rusiyaya qayıdır.

Müflisləşmiş iş adamı ilə bağlı Rusiya mətbuatında yeni xəbərlər yayılır. Mətbuatın yazdığına görə, Telman İsmayılov türk şirkətlərinin vasitəsilə bu ölkədə biznesini bərpa etməyə çalışır.

2009-cu ildə Rusiyada məşhur Çerkizov bazarı bağlandıqdan sonra Türkiyədə iş həyatına başlayan, amma burda 2 milyard 481 milyon dollar borcla iflasa uğrayan İsmayılov bir neçə dəfə Rusiya biznesinə qayıtmaq istəsə də, cəhdi baş tutmayıb. Keçmiş iş adamının qarşısında hazırda növbəti şans açılıb.

RBC-nın yazdığına görə, Rusiyanın Xəzərdə ən böyük limanı olan Mahaçqala portunun özəlləşdirilməsi prosesi başlanıb. Portun özəlləşdirilməsi 10 ildir müzakirə edilsə də, iqtisadi böhran fonunda məsələ yenidən aktuallaşıb. Milyarderlər Süleyman Kərimov və Ziyavudin Maqomedov porta investisiya qoymağa da hazırdırlar. Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov isə RBC-ya müsahibəsində deyib ki, kim portun inkişafı ilə bağlı daha yaxşı proqram irəli sürsə, ona da satılacaq.

Amma söhbət nə Kərinmovdan, nə də Maqomedovdan gedir. Ortada 3-cü gizli iştirakçı var. Rəsmi açıqlanmasa da, Rusiya mətbuatı öyrənib ki, Mahaçqala limanı ilə bağlı Türkiyənin port operatoru Yilport Holdinglə danışıqlar aparılır. Danışıqlar artıq yekun mərhələsindədir. Vasitəçi qismində isə keçmiş milyarder Telman İsmayılov çıxış edir.

Analitik Sergey Javoronkov deyir ki, hazırda Türkiyə ilə Rusiyanın münasibətləri yaxşılaşır. Türklər Rusiyada yeni layihələrə investisiya qoymağa hazırdırlar. İsmayılov da fürsətdən istifadə edərək türk investorlara vasitəçilik etmək, onları Rusiya bazarına cəlb etmək, beləliklə də Rusiya siyasi elitasının gözündə böyümək və bu ölkədə böyük biznesə qayıtmağa çalışır.

Amma Mahaçqala limanı türklərə verilməyə və İsmayılovun Rusiyaya qayıtmaq arzusu reallaşmaya da bilər. Port Rusiyanın regionda ən boyuk tranzit qovşağıdır. Rusiyanı Xəzəryanı ölkələrə bağlayan dəniz limanı yüklərin Qərbi Avropa , Skandinaviya, Mərkəzi Asiya, Ərəb ölkələri və Hindistana daşınmasına imkan verir. Eləcə də Rusiyanın neft şirkətləri üçün hab rolunu oynayır. Rusiya milli strategiya institutunun eksperti Rəis Süleymanov hesab edir ki, ciddi strateji əhəmiyyətə malik limanın türklərə satılması, onlara müttəfiq olan Azərbaycan, Qazaxıstan kimi ölkələrin də burda mövqelərinin möhkəmlənməsi deməkdir. Bu isə heç də həmişə Rusiyanın maraqları ilə üst-üstə düşmür. "Portu bu səbəbdən xaricilərə satmaq olmaz, ən yaxşısı yerli iş adamlarına etibar etməkdir".

Mediainfo.az