Vətən sənə OĞUL dedi...

Vətən sənə OĞUL dedi...

25 Avqust 2011 11:56
1 237
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün Ramil Səfərovun ad günüdür!

Bu gün Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda erməni zabitini qətlə yetirən Milli Ordumuzun zabiti Ramil Səfərovun doğum günüdür. 34 yaşı tamam olan Ramil artıq 7 ildən çoxdur ki, azadlıqdan məhrum edilib.

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib.

2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Ramil Səfərovun doğulduğu Cəbrayıl rayonu 23 avqust 1993-cu il tarixdə erməni qəsbkarları tərəfindən işğal edilib. İşğal nəticəsində cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində - çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Ramil Macarıstanda həbsdə olduğu müddətdə uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən anası Nübar Səfərova 2009-cu ildə dünyasını dəyişib. 1950-ci il təvəllüdlü N.Səfərova bundan əvvəl iki dəfə əməliyyat keçirmişdi. Ramil bu xəbəri eşidən kimi ailəsinə zəng vuraraq başsağlığı və təskinlik verib, onları təmkinli olmağa çağırıb.

Ramil Səfərov həbsdə olduğu müddətdə boş durmur, tanınmış macar yazıçısı Maqda Sabonun "Qapı" romanını macarcadan Azərbaycan dilinə tərcümə edib. R.Səfərov bu işini 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib. Əsərin əsas qəhrəmanları qadınlardır. Psixoloji melodram kimi qələmə alınmış romanda yazıçı tipik macar qadınının obrazını yaradıb. Əsərdə başı çox bəlalar çəkmiş, öz həyatı ilə risk edərək həmişə insanlara kömək etmiş saf, mərd bir qadın olan Emerencin İkinci Dünya müharibəsindən əvvəlki və sonrakı həyatı, onun şərəfli ölümü təsvir olunub.

R.Səfərov kitaba yazdığı ön sözdə macar və Azərbaycan xalqının həyat tərzində, mədəniyyətində, tarixində çox oxşarlıq olduğunu qeyd edib. Tərcüməçi yazır ki, Azərbaycanda macar xalqına münasibətin 2004-cü ildə erməni ordusunun zabiti ilə onun arasında baş vermiş hadisəyə və ona oxunan hökmə görə formalaşması onu ciddi narahat edir: "Məhkəmənin hökmü kifayət qədər əsassız və ədalətsiz olsa da, bu, mənim macar xalqına hörmətimi qətiyyən dəyişməyib. Ümidvaram ki, mənim tərcümə etdiyim bu əsər xalqlarımızın bir-birini daha yaxından tanıması, dostluq əlaqələrimizin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə cüzi də olsa bir töhfə olacaq".

Ramil Səfərovun Azərbaycana ekstradisiyası gündəmdə olsa da, hələ ki, nəticə yoxdur. Bu ilin əvvəlində Macarıstan səfərindən qayıdan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Ramil Səfərovun ekstradisiyası ilə bağlı məsələnin həllinə ümid etdiyini bildirmişdi. "Məsələyə Azərbaycan və Macarıstanın da üzv olduğu Avropa Şurası çərçivəsində hüquqi yardım konvensiyası çərçivəsində baxıla bilər. Konkret bu məsələnin qaldırıldığı təqdirdə Macarıstan tərəfi bu məsələyə baxacaq", - deyə nazir müavini bildirib.

Ümid edirik ki, tezliklə R. Səfərovun Azərbaycana ekstradisiyası öz həllini tapar.

Günel Həbib

O.M.