Zərərçəkmişlərə avtobus da ayrıldı, məhkəməyə gəlmədilər

Zərərçəkmişlərə avtobus da ayrıldı, məhkəməyə gəlmədilər

12 İyul 2016 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Prosesdə zərərçəkmişlər ifadə verib.

Zərəçəkmiş Mikiyeva Sevda ifadəsində bildirib ki, yanğın baş verən zaman həyətdə olan maşınına ziyan dəyib. Təqsirləndirilən şəxsləri tanımadığını deyən zərərçəkmiş ona dəyən ziyanın ödənilməməsindən narazı olduğunu deyib.

Digər zərərçəkmiş Rübabə Əhmədova ifadəsində mənzilinin yanmadığını, lakin tüstüdən və yanğınsöndürənlərin vurduğu sudan ciddi zərər gördüyünü deyib. R.Əhmədova ona dəymiş zərərin 6-8 min manat dəyərində hesablandığını, ancaq ona heç bir vəsaitin ödənilmədiyini söyləyib: "Mətbəx mebelim, soyuducum, evin döşəməsi, divar kağızları hamısı yarasız vəziyyətə düşüb. Evimə ekspertlər də baxış keçirib. Dəymiş ziyan 6-8 min manat dəyərində hesablanmışdı. Ancaq heç bir kompensasiya ödənilmədi. Xətai rayon məhkəməsində, icra hakimiyyətində, Abid Şərifovun qəbulunda olduq. Bu günə qədər şikayətimiz, problemimiz baxılmamış qalıb".

Bakıdakı məktəblərdən birində direktor müavini olaraq işlədiyini deyən R.Əhmədova hadisə baş verərkən evdə olmadığını bildirib: "Yanğın baş verəndə işdə olmuşam. Xəbər tutub evə gəldim. Bizim evimiz yanmayıb. Yanğın əsasən binanın üzlənən - yol tərəfə olan hissəsində baş verib. Binanın yarısı üzlənmişdi. Bir yan hissəsi, bir də yoldan görünən hissəsi. Mənim mınzilimə və binanın arxa tərəfində olan mənzillərə yanğınsöndürənlərin vurduğu sudan və tüstüdən zərər dəyib. Bu cür zərərçəkmişlərdən bildiyim qədəri ilə cəmi iki ev sahibinə kompensasiya ödənilib".

Hakim qeyd edib ki, bundan əvvəlki məhkəmə proseslərində də ifadə verən zərərçəkmişlərin evləri yanmayıb. Onların da mənzilləri tüstüdən yararsız vəziyyətə düşüb. Hakim ittiham aktında R.Əhmədovanın mənzilinə dəymiş zərərin miqdarının 1300 manat olaraq göstərildiyini qeyd edib. Zərərçəkmiş bundan xəbərsiz olduğunu söyləyib.

Digər zərərçəkmişlərin məhkəmə proseslərinə dəvət edilsə də, gəlmədiyi elan edilib: "15 nəfər zərəçəkmiş məhkəmə prosesində dəvət olunub. Onlardan sadəcə 2 nəfəri iştirak edir. Biz onlar üçün avtobus belə təşil edərək prosesə gəlmələrinə şərait yaradacağımızı söz vermişik. Ancaq gəlmirlər".

Hakim prosesə gəlməyən zərərçəkmişlərə bir həftə də vaxt verilməsini, gəlməyəcəkləri təqdirdə növbəti prosesdə müzakirəyə çıxarılaraq onların məhkəməyə gətirilməsini təmin ediləcəyini qeyd edib.

Məhkəmə prosesi iyulun 19-da davam edəcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə həbs qətimkan ədbiri seçilib.

Məlumat üçün bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. F.Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, özünün "Astoriya" MMC adlı tikinti şirkətinin olduğunu və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini söyləyib.

İnarə Rafiqqızı