İŞİD Azərbaycanı hədəfə alıb”- qorxunc iddia

İŞİD Azərbaycanı hədəfə alıb”- qorxunc iddia

12 İyul 2016 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin məşhur nəşrindən ölkəmizlə bağlı sensasion məqalə; Türkiyənin "Milliyet" qəzetinin kəşfiyyata istinadən yaydığı xəbərdarlıq narahatlıq doğurur; terrorçuların Avropaya Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərildiyi iddia edilir; DİN məsələni araşdırır...

Suriyada sıxışdırılan İŞİD terror təşkilatının Avropada yeni hücumlara hazırlaşdığı barədə şok məlumatlar yayılıb. Virtualaz.org xəbər verir ki, "Milliyet" qəzetinin Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən yazdığına görə, İŞİD terrorçuların Avropaya göndərilməsi üçün yeni marşrut seçib. Belə ki, terrorçular Avropaya Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərilir.

Qəzet yazır ki, İŞİD Azərbaycan və Şimali Qafqaz əsilli terrorçuları Türkiyə və Azərbaycanda terror hücumları həyata keçirmək üçün seçib. İstanbul Atatürk Hava Limanında həyata keçirilən terror hücumlarının ardınca Türkiyənin xüsusi xidmət orqanları İŞİD-in beynəlxalq koalisiya qüvvələrinin əməliyyatlarına cavab olaraq həm Avropa ölkələrini, həm də Türkiyəni hədəf aldıqlarına dair məlumatlar əldə ediblər. Türkiyənin xarici ölkə kəşfiyyatları ilə həyata keçirdiyi ortaq fəaliyyətlər nəticəsində əldə edilmiş məlumatlar İŞİD-in Avropaya və Türkiyəyə yeni terrorçular göndərdiyini təsdiq edir.

Bildirilir ki, Atatürk Hava Limanındakı terror hücumlarından sonra Türkiyə xüsusi xidmət orqanları İŞİD-in ölkəyə göndərdiyi terrorçu qrupu təsbit edib və onların kimliklərini müəyyənləşdirib. Nəticədə İŞİD 20-25 nəfərlik yeni qrup təşkil edib və həmin qrupu Türkiyəyə keçirməyə çalışır. Məlumata görə,Türkiyənin Əmniyyət Genel Müdürlüyü bu barədə yerli polis idarələrinə xəbərdarlıq göndərib.

Əmniyyətin iyun ayında yerli polis idarələrinə göndərdiyi başqa xəbərdarlıq məktubunda isə deyilir ki, Azərbaycan və Şimali Qafqaz əsilli İŞİD-çılər Türkiyə və Azərbaycanda "canlı bomba"larla hücumlar həyata keçirməyi planlaşdırır. Həmin məktubda göstərilib ki, sözügedən İŞİD-çilər Azərbaycandakı hücumlarda polisləri və onların ailə üzvlərini hədəf almağa hazırlaşırlar.

Dünyanın ən təhlükəli terror təşkilatının Azərbaycanı hədəf seçməsi ölkəmizdə ciddi narahatlıq doğurub. Ekspertlər bu xəbərlərin yayılmasının arxasında müəyyən niyyətlərin ola biləcəyini vurğulayırlar...

Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Orxan Mansurzadə Admiral.az-a bildirib ki, hazırda bu barədə ciddi araşdırmalar aparılır: "Hələlik bu haqda detallı məlumat yoxdur. Araşdırırq. İctimaiyyətə geniş açıqlama veriləcək".

MTN-in keçmiş polkovniki İlham İsmayıl İŞİD-ın hədələrinin davam etdiyini bildirdi: "Açığı, inanmıram ki, İŞİD Suriya və İraqa terrorçular göndərmək üçün Azərbaycan və Gürcüstanı seçsinlər. Bunlar İŞİD-in o adamlarıdır ki, onlar Şimali Qafqazdadırlar. Şimalı Qafqazdan gəlib Azərbaycan və Gürcüstan keçməkdənsə, Rusiya üzərindən daha asan keçə bilərlər. Əks təqdirdə, İraq və Suriyadadırlarsa, o zaman Türkiyə üzərindən getmək daha asandır. İŞİD-in Azərbaycan və Gürcüstanda güclü bazaları, canlı bombaları və Avropanı yaxından tanıyan adamları yoxdur. Avropada terror törətmək üçün o şəxsləri seçirlər ki, onlar elə Avropanın özündə yaşayan müsəlmanlar olurlar.

Belçika və Fransada terroru kimlər törətdi? Hər iki ölkənin öz vətəndaşı terroru törətdi. Bu baxımdan yayılan xəbərlər real deyil. Sadəcə bizi hədəf götürürlər. Hədədə Azərbaycan cəmiyyətini qorxuda saxlamaq məqsədi var. Terrorun özü elə qorxu, dəhşət deməkdir. Azərbaycan bu məsələyə ciddi yanaşmalıdır. Çünki hədəf alıblarsa, ciddiyə almaq lazımdır. Azərbaycanda terror törətmək çətindir. Çünki burada terror törətmək üçün xaricdən terrorçu gəlməlidir. Ona görə ki, ölkə daxilində canlı bomba ilə terror törədəcək adam yoxdur. Kənardan gələ biləcək təhlükəni önləmək daha asandır, nəinki daxildə olanı.

İŞİD dəfələrlə belə hədələr edib, yəni yeni deyil. Türkiyə və Azərbaycanda terror törətmə ehtimalları o mənada mümkündür ki, İŞİD-ın böyük bazalarından biri Rusiya vətəndaşlarından ibarətdir. Ərəblərdən sonra faktiki İŞİD-ın tərkibində daha çox ruslardır. Deyərdim ki, türklərdən də çoxdurlar. Daha çox da Şimalı Qafqaz əsilli terrorçulardır. Şimalı Qafqazdan isə Azərbaycana keçməkdə elə də çətinlik yoxdur. Yalnız o xətlə Azərbaycanda nəsə törədə bilərlər. Rusiya və digər kəşfiyyatı güclü olan ölkələrlə daim əlaqədə olmaq lazımdır. Çünki əminəm ki, o dövlətlərin İŞİD-in daxilində informasiya mənbələri var. Amma Azərbaycanın bu imkanının olduğunu açığı düşünmürəm. Çünki Eldar Mahmudovun 11 il 3 aylıq nazirlik dönəmində inanmıram ki, İŞİD-ın tərkibinə agent yeridə bilərdik. O, daha çox Sədərək və Binəyə agent göndərirdi, nəinki İŞİD-a. Bizimkilər bir dəqiqə belə sakit dayanmamalıdırlar ki, İŞİD burada heç nə etməyəcək".

İ.İsmayıl Azərbaycan polislərinin hədəfə götürülməsinə də münasibət bildirdi: "Bu da hədə-qorxudan başqa bir şey deyil. İstənilən terror təşkilatının əsas məqsədi insanları qorxu altında saxlamaqdır. Polisdən başqa bu işlə məşğul olan xüsusi xidmət orqanları var. Amma görünən odur ki, onlar polisləri qeyd edirlər. Çünki üzdə görünən polislərdir. Səhv etmirəmsə, yaxınlarda Şeyxi belə hədəfə almışdılar. Onlar xoşlamadıqları şəxsləri qorxu altında saxlamaq üçün bu cür metodlardan istifadə edirlər".

Sabiq MTN zabiti, politoloq Arzu Nağıyev yayılan xəbərlərin inandırıcı olmadığını düşünür: "İŞİD-in marşrutu Azərbaycan ərazisindən keçə bilməz. Suriya və İraqdan ölkəmizə gələn terrorçular mütləq Türkiyə və İran ərazisindən keçməlidirlər. Düşünürəm ki, belə xəbərlərin yayılması bir sıra dövlətlərin marağındadır. Azərbaycan ərazisində İŞİD marşrutunun olması görkəmini yaratmaq niyyətləri bu xəbərin içərisində görünür. Təbii ki, İŞİD-in tərkibində döyüşmək istəyən azərbaycanlılar çoxdur. Bu sirr deyil. Azərbaycandan ora gedənlər kifayət qədər çoxdur. Amma qanunvericilikdən istifadə edərək, onların qarşısı alınır. Kütləvi formada onların ərazimizdən keçməsi barədə xəbərlərin yayılması qonşu dövlətlərimizin də işi ola bilər. İŞİD-dan başqa da terror təşkilatları var. Niyə Dağlıq Qarabağ ərazisində olan PKK terror təşkilatından söhbət getmir? İŞİD qısa müddətdə parçalanacaq. Onların tərkibində Avropadan gələnlər böyük üstünlük təşkil edirlər. Azərbaycandan olanlar burada zəif bənddirlər. İstənilən halda təhlükəsizlik orqanları bütün sərhədləri möhkəmləndirməlidirlər. Çünki İŞİD terrorçuları müxtəlif yollarla ölkəmizə gəlməyə cəhd edərlər".

A.Nağıyev İŞİD-ın Türkiyə və Azərbaycanda terror aktları hazırlaması barədə yayılan xəbərlərə də münasibət bildirdi: "Atatürk Hava Limanında baş verən faciə göstərdi ki, bu şəxslərin vətəni, millətləri yoxdur, onlar terrorçulardır. Bunlar Azərbaycandan da ola bilər, başqa ölkələrdən də. Amma hələ Türkiyə təhlükəsizlik orqanları müxtəlif versiyalar üzərində işləyirlər. Bu terrorçular başqa qruplara da aid ola bilərlər. Amma burada İŞİD-ın baş aktyor rolunda olduğunu bilməmiş deyilik. Bu baxımdan İŞİD-in istənilən ölkədə terror törətmək niyyəti ola bilər".

Cavanşir ABBASLI

Mediainfo.az