Evi və maşını yandırılan baş redaktor: "İstintaq orqanları önların kimliyini ortaya qoyacaq"

Evi və maşını yandırılan baş redaktor: "İstintaq orqanları önların kimliyini ortaya qoyacaq"

11 İyul 2016 13:04
280
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, dünən-iyulun 9-da "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin şəxsi avtomobili gecə saat 03:15 radələrində yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən benzin tökülərək qəsdən yandırılıb. Yanğının digər avtomobillərə keçməməsi və partlayış təhlükəsinin qarşısının alınması üçün əraziyə FHN-nin 2 yanğınsöndürən briqadası cəlb edilib, yanğın 40 dəqiqə sonra söndürülüb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Xatırladırıq ki, jurnalistə qarşı bu sui-qəsd cinayəti son iki ayda ikinci dəfədir ki, təkrarlanır. Belə ki, bu ilin martın 14-də, gecə saat 02:50 radələrində də Asif Mərzilinin yaşadığı mənzilinə bir neçə şəxs tərəfindən basqın edilmiş, mənzili benzin tökərək yandırmağa cəhd etmişdilər. Həmin vaxt tam təsadüf nəticəsində bu yanğını görən qonşunun FHN-nin 101 xidmətinə zəng vurması, ardınca isə Asif Mərzilinin ailəsini yuxudan oyatması nəticəsində mənzilin yanaraq kül olmasının qarşısı alınmışdı.

Bəs cinayətin isti izlə açılması istiqamətində vəziyyət nə yerdədir? Son vəziyyəti öyrənmək üçün jurnalistin özü ilə əlaqə saxladıq. A.Mərzili Pravdainfo.org-un əməkdaşına bunları söylədi:

- Hələlik onu deyə bilərəm ki, əməliyyat-istintaq hərəkətləri davam etdirilir... Məsələ daxili işlər naziri cənab Ramil Usubovun və Baş Prokuror cənab Zakir Qaralovun şəxsi nəzarətindədir... Bundan əlavə, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov xaricdə səfərdə olsa da, hadisədən xəbərdardır... Beynəlxalq təşkilatlardan hadisə ilə bağlı reaksiya var, ölkəmizin demək olar bütün KİV-ləri məsələni ətraflı işıqlandırıb, hadisə barədə ölkə ictimaiyyəti məlumatlıdır... Onu da deyim ki, cinayət işi ərazi üzrə Xətai rayon Polis İdarəsində açılmışdır. Bildiyiniz kimi, cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin icraatına verilib və xüsusilə mühüm işlər müstəntiqi, polis polkovnik-leytenantı Nizami Əbilovin icraatındadır, bu ilin martın 14-də mənzilimin yandırılmasına cəhd edilməsi cinayəti ilə bağlı aparılan istintaq materiallarına əlavə olunub. Dünən zərərçəkmiş kimi tanınmam barədə müstəntiqin qərarı mənə təqdim edildi... Hesab edirəm, bu cinayət hadisəsi tezliklə açılmalıdır. Çünki martın 14-də oxşar metod və üsulla həyata keçirilmiş cinayəti törətmişlər və onların sifarişçisi cəzalandırılmadığından onlar növbəti cinayəti törətdilər. Bu isə mənə yox, istintaq orqanına meydan oxumaqdır. Amma inanıram ki, onlar ən qısa vaxtda qanun qarşısında cavab verəcəklər, istintaq orqanları önların kimliyini ortaya qoyacaq...

Mediainfo.az