Cahangir Hacıyevin puç olan azadlıq ümidləri - təfsilat

Cahangir Hacıyevin puç olan azadlıq ümidləri - təfsilat

11 İyul 2016 10:31
270
Bəyəndim (0) Bəyənmədim (0)

Təxminən bir ay öncə Nərimanov rayon Məhkəməsinin qərarı ilə "Beynəlxalq Bank işi"nə görə həbs edilən oliqarxlardan 3 nəfər-Mingəçevir "İzolit" ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, "Riyad-Farm"ın icraçı direktoru Aqil Quliyev və Beynəlxalq bankın Dubay filialının keçmiş müdiri, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun (Qara Polkovnik) oğlu Adil Hüseynov barəsində seçilən həbs qətimkan tədbirini polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə əvəz edilib

Adları külli miqdarda vəsaitin mənimsənilməsində hallanan və barələrində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılan şəxslərin hay-küylü şəkildə həbs olunmasının ardından çox rahat şəkildə azadlığa çıxması beyinlərdə bəzi haqlı suallar doğurur. Məsələ burasındadır ki, cüzi miqdarda mənimsəməyə görə, illərdir məhbəs həyatı yaşayan şəxslər varkən, böyük vəsaitləri mənimsəyənlər əlini-qolunu sallayaraq azadlığa çıxır. Bu azad olunmaların fonunda Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin də tezliklə həbsdən çıxacağı haqda das ö-söhbət dolaşmağa başlayıb.

Bununla bağlı daxil olan məlumatlarda isə sabiq Bank rəhbərinin hələ uzun müddət həbsdə qalacağı bildirilir.

Cahangir Hacıyevin durumu və azadlıq şansları ilə bağlı bizi bilgiləndirən mənbə ilk növbədə bankirin həbsi səbəblərinə diqqət yetirməyi vacib bilir. C.Hacıyevin istefaya göndərilməsi və həbsi ilə bağlı ən inandırıcı versiya devalvasiyadan öncəki dollar alveri ilə bağlıdır. Belə ki, Cahangir Hacıyev devalvasiya qərarından öncədən xəbərdar olub və iri kapital sahiblərinin sərəncamından olan manatı dövlətin sərəncamında olan dollarlarla dəyişib ki, bu da dövlətə çox baha başa gəlib. Bu alverdən Cahangir Hacıyev yüz milyonlar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib.

Politika.Az xatırladır ki, prezident İlham Əliyevin konkret ad çəkməsə də fevralın 24-də Mingəçevir səfərində "devalvasiyada bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə edirdilər" deyəndə konkret olaraq C.Hacıyevi nəzərdə tutduğu iddia edilir. Buna görə də sabiq bank rəhbərinin birbaşa prezidentin qəzəbinə tuş gəldiyini söyləmək olar ki, tək elə bu fakt onun azadlığının üstündən xətt çəkir.

Digər bir tərəfdən həbs olunduqdan sonra C.Hacıyevin ciddi siyasi səhvlərə yol verdiyi haqda da iddialar var. Belə ki, mediada yayılan xəbərlərə görə, Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev Avropadakı PR şirkətlərindən biri ilə anlaşaraq xaricdən anti-hakimiyyət təbliğatına başlayıb. Bu isə artıq məsələnin siyasi müstəviyə keçdiyinin göstəricisidir. C.Hacıyevin işinin "siyasi motivli olmasına" onun həbsindən iki ay əvvəl qudası, milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsi də dəlalət edir. Bütün bu faktorlar isə Cahangir Hacıyevin hələ uzun müddət həbsdə qalacağına dəlalət edir. (politika)

Mediainfo.az