Fikrət Fərəməzoğlu apelyasiya şikayətindən imtina edib

Fikrət Fərəməzoğlu apelyasiya şikayətindən imtina edib

8 İyul 2016 17:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində "Jam.az" saytının həbsdə olan rəhbəri Fikrət Fərəməzoğlunun şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.

Vəkil Nemət Kərimli bildirib ki, buna F. Fərəməzoğlunun apellyasiya şikayətindən imtina etməsi səbəb olub.

Qeyd edək ki, F. Fərəməzoğlu barəsində olan həbs qətimkan tədbirinin ləğvi barədə apellyasiya şikayəti vermişdi.

Əlavə edək ki, F. Fərəməzoğlu vəkilindən də imtina etmişdi. N. Kərimlinin sözlərinə görə, Fikrət Fərəməzoğlu ondan imtina etməsinə baxmayaraq, məhkəmədə iştirak etmək hüququ var: "Fikrət Fərəməzoğlu məndən imtina etməmişdən əvvəl apellyasiya şikayəti hazırlayıb məhkəməyə təqdim etmişdim. Ona görə də bügünkü prosesdə iştirak etdim".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu "Jam.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Mediainfo.az