Sayt rəhbərinin valideynlərinin düşdüyü qəza ilə bağlı - YENİ XƏBƏR - FOTO

Sayt rəhbərinin valideynlərinin düşdüyü qəza ilə bağlı - YENİ XƏBƏR - FOTO

8 İyul 2016 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış jurnalist, qafqazinfo.az portalının redaktoru Günel Əbilovanın valideynlərinin düşdüyü yol qəzası ilə bağlı cinayət işi başlanıb.

1 nəfərin ölümü və daha 5 nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.

Bildirilir ki, Ələt-Astara magistral yolunun 125-ci kilometrliyində Cəlilabad rayon Musalı kənd sakini Babayev Zaur Sahib oğlunun idarə etdiyi "VAZ 21 015" markalı 15 BM 705 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Bakı şəhər sakini Nəzərov Xanbala Oruc oğlunun idarə etdiyi "Mercedes" markalı 99 FT 842 nömrəli avtomobilin toqquşması nəticəsində ölən Rəsulov Fariz Teyyub oğlunun 28 yaşı olub. Ondan başqa "VAZ 21 015"in sürücüsü və digər sərnişin, 1956-cı il təvəllüdlü Məmmədov Məhəmməd Əhəd oğlu ağır xəsarət alıb.

Həmçinin "Mercedes"in sürücüsü Nəzərov Xanbala və sərnişinləri 1959-cu il təvəllüdlü Əbilov Telman Cəbrayıl oğlu və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əbilova Dilbər Məhəmməd qızı da yaralanıb. Yaralılar Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Qeyd edək ki, T. Əbilov Azərbaycanın hərbi ekspertidir. O, ehtiyatda olan ədliyyə mayorudur.

Xatırladaq ki, T.Əbilov və D.Əbilova "Qafqazinfo" portalının redaktoru Günel Əbilovanın valideynləridir.

*****

7 iyul

Cəlilabadda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci km-də qeydə alınıb.

Cəlilabad rayon Musalı kənd sakini Zaur Babayev "Vaz-21015" markalı avtomobili ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə "Vaz-21015" markalı avtomobildə olan sərnişin Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib.

Hər iki avtomobilin sürücüləri və sərnişinləri Məhəmməd Məmmədov, Telman Əbilov və həyat yoldaşı Dilbər Əbilova yaralı halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Telman Əbilovun qolu qırılıb, həyat yoldaşı D. Əbilova isə qol, ayaq və bədənin müxtəlif hissələrindən xəsarət alıb.

Hazırda T.Əbilov və D.Əbilova Bakıya xəstəxanaya gətirilirlər.

Qeyd edək ki, T. Əbilov Azərbaycanın hərbi ekspertidir. O, ehtiyatda olan ədliyyə mayorudur.

Xatırladaq ki, T.Əbilov və D.Əbilova "Qafqazinfo" portalının redaktoru Günel Əbilovanın valideynləridir. (report)

Mediainfo.az