Nazir və oğlunun gizli biznes imperiyası

Nazir və oğlunun gizli biznes imperiyası

6 İyul 2016 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bu dəfə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov barəsində bəhs edəcəyik. Onu da bildirək ki, aşağıda təqdim etdiyimiz məlumatlar bu zamana qədər mediada yayılmış xəbərlər əsasında toplanıb.

Arif Rəhimov gənclər və idman naziri Azad Rəhimovun yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Azad Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır. Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, "Baku Grand Prix" şirkəti Bakıda keçirilmiş dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – "Formula 1″in "Qran Pri" yarışının təşkilatçısıdır.

Bir müddət öncə Milli olimpiya komandalarının təlim-məşq bazası (könhə "Neftçibaza") özəlləşdiriməsi haqda mətbuatda məlumat yayıldı. Məlumata görə, bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsində layihə hazırlanır. Tezliklə özəlləşdirməyə çıxarılacaq bazanın satışı nəzərdə tutulub. Hələlik könhə "Neftçibaza"nın kimə satılacağı dəqiq bilinmir. Mediada yer alan iddialara görə, böyük ehtimalla baza gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun nəzarətinə veriləcək. Təbii ki, nazir bazanın rəsmi şəkildə oğlunun adına rəsmiləşdirərək özünü "yandırmaz". Böyük ehtimalla özəlləşdirmə Arif Rəhimova yaxın şəxslərdən birinin adına olacaq və bazaya rəsmi şəkildə o rəhbərlik edəcək.

Nəzərinizə çatdırmaq istəyirik ki, hələ indiyə qədər nazirin və oğlunun sahibi olduğu biznes sahələri haqda mətbuatda elə də geniş məlumat getməyib. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, "DDLAR GROUP" şirkəti Gəncər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tender layihələrinin əsas qalibidir. İlk öncə sizə şirkətin yaranma tarixi haqda qısa məlumat vermək istəyirik. 1999-cu ildən fəaliyyətə başlayan "İnşaatçı" tikinti firması sonradan "DDLAR Group"a çevrilib. Qrupun tərkibinə tikinti və onu müşayiət edən xidmətlər, memarlıq həlqələri, interyerlərin dizaynı, beton istehsalı və bir çox başqa sahələrlə məşğul olan şirkətlər daxildir. "DDLAR Group" "Hər şey bir əldə" prinsipi ilə işləyir. Bu qrupa "İnşaatçı", "Mega Dizayn" və "Monolit Beton" şirkətləri daxildir. Araşdırmalara görə, Azad Rəhimov nazir vəzifəsinə keçdikdən sonra biznes sahəsindəki əlaqələrini daha da genişləndirib və idman sahəsinə ayrılan vəsaitlərin böyük hissəsini oğlunun rəhbərliyi altında fəaliyyət göstərən şirkətə yönəltməyi bacarıb. Belə ki, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri məhz "DDLAR GROUP" tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Əldə etdiyimiz məlumatlara görə, sadalanan rayonlarda olimpiya komplekslərinin tikilməsi məqsədilə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb. İddialara əsasən, nazir oğlunun şirkəti tərəfindən həyata keçirilən tikinti işləri zamanı maliyyə pozuntularına yol verilib ki, nəticədə rəhimovların sərvəti qısa müddətdə çoxalıb. Bakı Su İdman Sarayının tikintisi, "Crystal Hall"un Birinci Avropa Oyunları üçün hazırlığı, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi işlərini də Arif Rəhimovun şirkəti aparıb. Bütün bunlar qrupun rəsmi İnternet səhifəsində qeyd olunub. Hələ bu harasıdır. Məlumatlı mənbənin bildirdiyinə görə, nazir postuna təyin olunana qədər biznes sahəsində ciddi uğurlar qazanmış Azad Rəhimov oğlunun da özü kimi tanınmış biznesmen olmasına lazımi təkan verir: "Gənclər və İdman Nazirliyinin sifarişi ilə icra edilən layihələrdə maliyyə fırıldaqları mövcuddur. Müvafiq qurumlar yoxlama aparmaqla həmin maxinasiyaların üstünü aça bilər. Nədənsə bəzi qüvvələr bu işdə maraqlı deyillər. Onu da demək lazımdır ki, Gənclər və İdman Nazirliyinin rəhbəri tikinti sektorunda əsas pay sahiblərindən biridir. "DDLAR GROUP" tərəfindən təhvil verilmiş layihələrə nəzər salsaq bunu görə bilərik. "Green park", "İzmir", "Green Palace", "Astoriya", "Megacity" kimi böyük yaşayış kompleksləri məhz nazir oğlunun tikinti biznesinin tərkib hissəsidir. Tenderlərin şəriksiz qalibi olan "DDLAR GROUP" şirkətinin illik gəliri bəlkə də milyardlara bərabərdir. Əlbəttə, bu işdə nazirin böyük rolu var. Çünki o rəhbərlik etdiyi qurumun tenderlərinin böyük hissəsini oğlunun şirkətinə istiqamətləndirir. Beləliklə, dövlət büdcəsinin vəsaitləri nazirin himayəsindəki şirkətin bank hesablarına köçürülür". Araşdırmalara görə, Mingəçevir şəhərindəki Heydər Əliyev parkını da Arif Rəhimovun şirkəti layihələndirib və yenidən qurub. Bizə çatan bilgilərə əsasən parkın tərtibat işlərini dizayn və layihələri ilə məşhur olan İtaliyanın "Studioİnsito" şirkətinin mütəxəssisləri görüb: "Parkın yenidən qurulması işlərinin "DDLAR GROUP"a həvalə edilməsi təsadüfi deyil. Belə ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla Azad Rəhimov qudadır. İcra hakimi tenderi kürəkəninə həvalə etməklə onun büdcəsinin daha da genişlənməsinə şərait yaradıb. Nazirin və oğlunun biznesi təkcə ölkə hüdudları ilə kifayətlənmir. "DDLAR GROUP" sərmayə layihəsi çərçivəsində Səudiyyə Ərəbistanında 2 və 3 mərtəbəli kotteclər layihələndirərək inşa edib. 96 kottecin inşası yerli landşaft nəzərə alınmaqla yerinə yetirilib. Məmur oğlunun həmçinin İtaliya və İspaniya kimi ölkələrdə də nəhəng biznes obyektlərinin olduğu bildirilir". Deyilənə görə, "Şadurvan" çay evi, " Green Park" elit yaşayış kompleksində yerləşən "Royal Club" da nazirin nəzarəti altındadır.

Qeyd edək ki, bizim heç kimin malında, var-dövlətində gözümüz yoxdur. Bizi maraqlandıran sadəcə büdcə vəsaitlərinin düzgün qaydada xərclənməməsidir. Dövlət qurumlarının həyata keçirdikləri tenderlərdə bir qayda olaraq bu quruma rəhbərlik edən şəxslərə yaxın adamların şirkətlərinin qalib gəlməsi artıq ənənə halını alıb. Bunu görmək üçün keçirilən tenderlərə nəzər salmaq kifayət edir. Tender elan edən qurumun orada iştirak edən şirkətlərlə əlaqəsinin olması isə yolverilməzdir. Bu məqamlar qanunvericilikdə öz əksini tapıb. Əfsus ki, gənclər və idman naziri qanunların tələbini kobud şəkildə pozaraq tenderlərin yetərli hissəsini oğlunun rəhbərlik etdiyi şirkətə verir. Hesab edirik ki, bu kimi hallar aidiyyəti dövlət qurumları- Hesablama Palatası, Maliyyə Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmalı və büdcəyə divan tutan şəxslər qanunamüvafiq qaydada cəzalandırılmalıdır. (politika)

Mediainfo.az