Allahşükür Paşazadədən bayram təbriki

Allahşükür Paşazadədən bayram təbriki

5 İyul 2016 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibəti ilə təbrik bəyanatı yayıb.

QMİ-nin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, Şeyxülislam dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edir, Allahdan oruc və namazların qəbul, duaların müstəcab olmasını diləyir.

"Savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir. Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin. Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı İlham Əliyev həzrətlərinə Azərbaycanın bugünkü uğurları, gələcək tərəqqisi, Haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər. Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Amin!" - deyə, bəyanatda bildirilir.

Mediainfo.az