Atatürk Hava Limanında daha 2 İŞİD-çi tutuldu

Atatürk Hava Limanında daha 2 İŞİD-çi tutuldu

4 İyul 2016 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

İki İŞİD şübhəlisi saxlanıldı, üzərlərindən hərbi kamuflyaj geyim, pasportlar çıxdı.

Ötən həftə 44 nəfərin ölümünə səbəb olan Atatürk hava limanında törədilən terror aktının üzərindən bir həftə keçməmiş hava limanı əməkdaşları yenidən həyəcan yaşayıblar.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hava limanında iki İŞİD terror təşkilatı ilə əlaqədə olduğu güman edilən şəxs saxlanılıb.

Qırğızıstan və Rusiya pasportları olan 25-35 yaşlı iki kişi İstanbula Ukraynadan gəliblər. Hava limanı polisi adı açıqlanmayan şəxslərdən şübhələnib və onları saxlayıb. Axtarış zamanı onların çantalarından 4 termal durbin, 3 hərbi kamuflyaj geyimi, başqa şəxslərə aid pasportlar və doğum haqqında sənədlər tapılıb.

Şübhəlilərin İŞİD üzvü olduğu ehtimal edilir. Onlar polis nəzarətinə götürülüblər.

Atatürk hava limanında terror aktı iyun ayının 28-də axşam saatlarında törədilib. "Kalaşnikov"la silahlanmış 3 nəfər hava limanına girərək atəş açmağa başlayıblar. Daha sonra onlar özlərini partladıblar.

Terror aktı nəticəsində 44 nəfər ölüb, iki yüzdən artıq insan isə yaralanıb. Ölkə rəhbərliyi hadisəni İŞİD-in törətdiyini bildirib.

Mediainfo.az