Külli miqdarda ziyana düşən sahibkar: "Dedilər, sığortaya ehtiyac yoxdur"

Külli miqdarda ziyana düşən sahibkar: "Dedilər, sığortaya ehtiyac yoxdur"

1 İyul 2016 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Xətai rayonunda "Maşın bazarı"nda baş verən dəhşətli yanğının olduğu ərazidə polis postu qurulub, hazırda bazara heç kimi buraxılmır.

Lent.az-ın bu gün hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bazarda satış dayanıb, yanğın olmayan hissələrdə belə, ticarət yoxdur.

Əməkdaşımızın sözlərinə görə, yanğın bazarın 1 sırasında baş verib. Bu hissədə əksərən boya və neft məhsulları satılır. Hazırda bazarın daxilində Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları xidmət göstərir. Rəsmi məlumata görə, yanğın bazarın 930 kvadratmetr ərazisində baş verib.

Hadisə şahidlərinin dediyinə görə, yanğın bazar ərazisindəki piştaxtalardan birindən başlanıb və tez bir zamanda böyüyüb.

Yanan dükanlardan birinin sahibi Əli kişi deyir ki, dükanların arasında arakəsmə olmayıb: "Ərazidə iki böyük dükanım var. İllərdir burda işləyirəm. Var-dövlətim hamısı külə çevrildi. İllər öncə də burda yanğın baş vermişdi. Onda bu qədər ziyan dəyməmişdi. Axşam hadisəni eşidən kimi gəlmişəm. Gördüm, FHN-in işçiləri yanğını söndürməyə çalışır. Bazar müdriyyəti isə bir yerə su çəkməyib. Ümumilikdə, 120 min dollarlıq malım yanıb. Mənim tələbim bazarın rəhbərliyindəndir. Xahiş edirəm ki, pulumu ödəsinlər. Mən ona hər ay kirayə, mühafizə pulu ödəmişəm".

Bazarı topdan satışla məşul olan Niyaməddin adlı sahibkara isə 300 min dollardan artıq ziyan dəyib: "Mən dəfələrlə bazarın rəhbəri olan Rasim müəllimin qəbulunda olmuşam. Mallarımı, dükanımı siğorta elətdirmək istəmişəm. Bununla bağlı sığorta şirkətləri ilə əlaqə saxlamışam. Gəlib baxıblar, heç kim sığorta eləməyib. Bildiriblər ki, tikiliş düzgün aparılmayıb. Ona görə də siğorta edə bilməyəcəklər. İndi bütün malım yanıb. Bilmirəm, necə olacaq. Hər zaman vergimi vermişəm, kassa aparatım işləyib. Bazar rəhbərliyi də ortaya çıxmır. İllər əvvəlki yanğında da demişdi ki, ona dəxli yoxdu, onun da dükanları yanıb".

Əlövsət adlı ticarətçinin sözlərinə görə, bazarda ümumilikdə 35-40 mağazada bütün mallar yanıb: "Bazarın topdan satış yeriydi. Bütün bahalı mallar bura gəlirdi. Ümumilikdə, burda milyonlarla dollar dəyərində mal məhv olub. Təkcə mənim 200 min dollarlıq malım yanıb. Bazar rəhbərliyi dünəndən yoxa çıxıb. Gəlib maraqlanan yoxdur. Deyən yoxdur ki, sizin axırınız necə olacaq. Bazarda heç bir dükanın sığortası yoxdur. Biz o zaman Rasim müəllimə deyəndə ki, gəlin bazarı sığortalayaq. Deyirdi ki, ehtiyac yoxdu, bazar hamımızdır, qoruyuruq özümüz. İndi necə olacaq? Heç kim ortalığa düşmür".

Bazarın rəhbərliyində təmsil olunan məsul şəxslərin də mövqeyini öyrənmək cəhdi isə alınmayıb. Belə ki, hazırda bazarda rəhbərlikdən heç kimi tapmaq mümkün olmayıb.

Mediainfo.az