Bakıda maşın bazarı yandı

Bakıda maşın bazarı yandı

1 İyul 2016 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakının Nizami rayonunda "Maşın bazarı" adlanan ərazidə yanğın baş verib. APA TV-nin məlumatına görə, əsasən avtomobil ehtiyat hissələrinin satıldığı bazarda baş verən qəfil yanğın tezliklə böyük bir ərazini əhatə edib.

Yanğınla bağlı bazar rəhbərliyi dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə zəng vuraraq məlumat verib. Əvvəlcə hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami və Xətai rayon hissələrinin texnika və canlı qüvvəsi cəlb edilib. Lakin yanğın bazarın boyalar, neft məhsulları satılan hissəsində baş verdiyindən, alov qısa müddətdə böyük bir ərazini əhatə edib. Alovun genişlənməsi ilə bütün Bakı qarnizonu üzrə çağırış elan edilib. Eyni zamanda hadisə yerində nazirliyin operativ qərargahı yaradılıb.

Daha sonra yanğın baş verən əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov gəlib. Yaradılan operativ qərargahdan yanğınla bağlı məlumat alan general əlavə tapşırıqlarını verib.

Yanğınsöndürənlərin işinin çətinləşməsinə isə bazarda işləyənlərlə yanaşı, yoldan keçən vətəndaşların avtomobillərini saxlayaraq maşın bazarına doğru axın etməsi səbəb olub. Vətəndaşların avtomobillərini yolun ortasında atıb getmələri yanğınsöndürənlərlə yanaşı, təcili yardım və polis maşınlarının hadisə yerinə gəlməsinə mane olub. Bu səbəbdən əraziyə Çevik Polis Alayının (ÇPA) qüvvələri cəlb edilib. Yanğın davam edə-edə mağazalara girərək mallarını çıxarmaq istəyən və həyatlarını böyük təhlükə altına atan bazar işçiləri ərazidən uzaqlaşdırılıb. Görülən əlavə tədbirlər nəticəsində qısa zamanda ərazidə tam təhlükəsizlik təmin edilib. Bundan sonra yanğınsöndürənlər yanğına daha çevik müdaxilə ediblər və baş verən yanğın tamamilə söndürülüb.

Hadisə ilə bağlı jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, Nizami rayonundakı "Maşın bazarı" adlanan ərazidə baş vermiş yanğın nəticəsində 930 kvadratmetr ərazi yanıb. Onun bildirdiyinə görə, yanğın bazar ərazisindəki piştaxtalardan birindən başlanıb və tez bir zamanda böyük sahəyə yayılıb: "Hər bir dükanın arasında arakəsmə yoxdur, iş vaxtı olmadığından piştaxtalar dəmir barmaqlıqlarla bağlı olub, eyni zamanda tezliklə əraziyə çoxlu adam yığıldığı və hər kəs öz əmlakını çıxartmağa cəhd göstərdiyi üçün maneə yaranıb. Yanğın əsasən bazarın boyalar, neft məhsulları satılan hissəsində baş verib. Bütün çətinliklərə baxmayaraq, yanğının qarşısı alınıb, bazarın 3 min kvadrat metr ərazisindən 930 kvadratmetrini əhatə edən yanğın söndürülüb. Digər ərazilər yanğından mühafizə edilib. Yanğının başvermə səbəbi ekspertlərin araşdırmasından sonra məlum olacaq".

Rza Xudiyev həmçinin əlavə edib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Mediainfo.az