Salyanda doğuşdan sonra ölən körpələrin meyitlərinin ilkin müayinəsi başa çatıb  - FOTO

Salyanda doğuşdan sonra ölən körpələrin meyitlərinin ilkin müayinəsi başa çatıb - FOTO

22 İyun 2016 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində doğuşdan sonra ölən körpələrin meyitlərinin ilkin müayinəsi başa çatıb. Bu barədə KİV-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Məlumata görə, ümumilikdə ekspert müayinələri davam edəcək, bu proses üç həftə ərzində yekunlaşacaq. Ölümün dəqiq səbəbi proses yekunlaşandan sonra məlum olacaq. Yekun nəticələr üç həftəsən sonra Salyan rayon prokurorluğuna təqdim olunacaq.

İlkin nəticələr barədə hər hansı məlumat açıqlanmır.

Qeyd edək ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı dünyaya gətirib. Doğuşda sonra üçəmlərdən ikisi ölüb.

Valideynləri doğuşdan sonra küvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasından isə uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi olmadığı açıqlanıb.

Səhiyyə Nazirliyi doğuşun hamiləliyin 31-ci həftəsində baş verdiyini, uşaqların çəkisinin çox az olduğunu açıqlayıb. Nazirlik küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatları təkzib edib.

Körpələrin ölümü faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar başlanıb. Dünən körpələrin meyitləri müayinə üçün Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.

Sağ qalan körpə hazırda Bakıdakı Elmi Tədqiqat Pediatriya İnstitutunda müalicə olunur.