Gün gələcək arzularımız çin olacaq!

Gün gələcək arzularımız çin olacaq!

23 Avqust 2011 11:22
Bəyəndim (0) Bəyənmədim (0)
Füzuli və Cəbrayılın işğalından 18 il ötür...

Bu gün 18-ci ildir ki, Füzuli və Cəbrayıl rayonlarını itirmişik. 23 avqust 1993-cü ildə ümumi sahəsi 139 393 hektar olan Füzuli rayonunun qərb hissəsindən 125368 hektar ərazi (51 kənd) ermənilər tərəfindən işğal olunub. 1100-dən çox rayon sakini şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfərsə müxtəlif dərəcəli əlil olub. 6 nəfər Füzuli sakini milli qəhrəman adına layiq görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı və Dilağar) əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları var.

Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb.

Adıçəkilən nazirliyin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:

1. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb.

2. Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib.

3. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb.

4. 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

Bu gün həmçinin Cəbrayıl rayonunun da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 18 il ötür.

Sahəsi 104 980 hektar olan Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni işğalçıları tərəfindən zəbt olunub. Respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşə, böyük ehtiyata malik yeraltı sərvət, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

Ümidimizi itirməməliyik. Gün gələcək arzularımız çin olacaq!

Könül Aypara

O.M.