Ermənilər cəbhədə kombaynı atəşə tutdular

Ermənilər cəbhədə kombaynı atəşə tutdular

17 İyun 2016 12:36
218
Bəyəndim (0) Bəyənmədim (0)

Texnikaya ziyan dəysə də, sürücü xilas ola bilib.

Təmas xəttində - Tərtər rayonda kombayn ermənilərin atəşinə məruz qalıb.

Hadisə rayonun cəbhə xəttinə yaxın yerləşən Yuxarı Qaradağlı kəndi ərazisində baş verib.

Kombayn kənd ərazisində əkin sahələrində taxıl biçərkən qarşı tərəfdən atəşə tutulub. Gülləbaran nəticəsində kənd təsərrüfatı texnikasına ziyan dəysə də, kombaynı idarə edən Qapanlı kənd sakini Elbrus Tanrıverdiyev hadisədən xəsarət almadan xilas ola bilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf Azərbaycan ordusunun cavab atəşindən sonra susdurulub. (ans)

Mediainfo.az