"Evrostroy-S” şirkətinə basqın oldu - YASAMALDA

"Evrostroy-S” şirkətinə basqın oldu - YASAMALDA

13 İyun 2016 10:25
294
Bəyəndim (0) Bəyənmədim (0)
Dünya çempionu şirkətdəki payını zorakılıqla geri almaq istəyir

Dünya çempionu şirkətdəki payını zorakılıqla geri almaq istəyir

"Evrostroy-S" şirkətinə basqın olub. Bu barədə "Yeni Müsavat"a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkil deyib ki, şirkətin Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən ofisinə kik-boksinq üzrə dəfələrlə dünya çempionu olmuş Rafael Qarayev bir neçə şəxslə basqın edib.

"Rafael Qarayev vaxtilə həmin şirkətin sahiblərindən olan Seymur İsayevin mühafizəçisi olub. Sonradan onu şirkətdən uzaqlaşdırıblar. Onun ətrafında idmançı uşaqlar var. Həmin uşaqlar Rafael Qarayevdən əvvəl ora gəliblər. Deyiblər ki, şirkətin tikdiyi 350 kvadratmetrlik bir obyekt var, həmin obyekt onlara verilməlidir. İdmançılara məsləhət biliblər ki, tələb etdikləri obyektə sənəd təqdim etsinlər. Bundan sonra idmançılar oradan gediblər. Bir neçə saat sonra isə ora başqa adamlar gəlib, obyektə girmək istəyiblər. Lakin onların obyektə girmələrinə imkan verilməyib. Bundan sonra əraziyə Rafael Qarayev gəlib. O, obyektə girərək Bəxtiyar Təhməzovu vəhşicəsinə döyüb. Orada İlqar adlı işçi olub, o, Rafaeli sakitləşdirmək istəyib. Onu da vəhşicəsinə döyüblər. Hər iki şəxs hazırda 1 saylı klinikanın reanimasiya şöbəsindədirlər, vəziyyətləri olduqca ağırdır".

Vəkil bildirib ki, faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanıb. Yasamal Rayon Polis İdarəsindən "Trend"ə faktı təsdiqləsələr də, hazırda hadisə ilə bağlı saxlanılan şəxslərin olub-olmaması barədə məlumat verilməyib.

Qeyd edək ki, "Evrostroy-S" şirkətinin rəhbəri S.İsayevlə R.Qarayevin mübahisəsi illərdir ki, davam edir. Şəbnəm Tovuzlunun adı qarışan tikinti şirkətinin şəriklərindən biri də müğənninin 2-ci həyat yoldaşı Famil Xəlilovdur. F.Xəlilov Sankt-Peterburqdan Bakıya gələrək "Evrostroy-S" şirkətində şəriklər sırasına qatılana qədər şirkətdə S.İsayevlə R.Qarayev şərik olublar. Sonradan S.İsayevlə R.Qarayev arasında şəriklik münasibətləri F.Xəlilovun şirkətə şərik gətirilməsinə görə pozulub.

Bu haqda "Yeni Müsavat"ın son sayında "Adı "MTN işi"nə qarışan müğənnidən "Yeni Müsavat"a şok açıqlama" (http://musavat.com/news/gundem/adi-mtn-ishine-qarishan-mugenniden-yeni-musavata-shok-achiqlama_354523.html) sərlövhəli yazıda geniş söhbət açılır. Həmin yazıda yer alan və adıçəkilən şəxslərin şəriklik münasibətləri, həmin münasibətlərin pozulmasına səbəb olan məqamları bir daha diqqətə çatdırırıq. Sitat: "Qaynağımız bildirib ki, A.Çovdarov S.İsayevin tikinti şirkətini himayə edib. A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub. S.İsayev şəriki Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar. Bir neçə günlük çək-çevirdən sonra şiə məzhəbinin ardıcılı olan Rəfael Qarayevdən S.İsyevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər. Akif Çovdarovun həbsindən sonra Famil Xəlilovla Seymur İsayev Azərbaycanı tərk ediblər. Bundan sonra Şəbnəm Əsədovanın sponsoru Bakıda çoxmərtəbəli binalar tikən şirkətin şəriklərindən birinə çevrilə bilib. Famil Xəlilovla Seymur İsayev Akif Çovdarovun həbsindən sonra Azərbaycanı tərk ediblər. Onların Türkiyədə məskunlaşdıqları haqda da məlumat var. Bildirilir ki, S.İsayev Türkiyədə otelçiliklə məşğuldur, onun "Sipark" adlı oteli var. Şəriklərin Azərbaycanda qazanılan pullarla Dubayda çoxmərtəbəli bina tikintisi ilə məşğul olduqları və Azərbaycana dönmək fikirlərinin olmadığı haqda da məlumatlar var.

Qaynağımızın verdiyi məlumatlardan belə aydın olur ki, bunun üçün şəriklərin ciddi əsasları var. Belə ki, onların başına gətirilən xoşagəlməz hallarla bir çox iş adamları da üz-üzə qalıblar. Şəriki Rəfael Qarayevdən savayı S.İsayevlə bu və ya digər formada narazılığı olan şəxslər Akif Çovdarovun idarəsinə aparılıb. Orada təhdid olunub. Bir çox şəxslərin isə "Evrostroy"un Həsən Əliyev küçəsindəki 7 mərtəbəli binanın zirzəmisinin "qonağı" olduqları da bildirilir".

Mövzuya qayıdacağıq.

Mediainfo.az