Müəmmər Qəddafinin taleyi naməlumdur

Müəmmər Qəddafinin taleyi naməlumdur

22 Avqust 2011 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Üsyançılar paytaxt Tripolinin böyük hissəsini nəzarət altına alıblar. Üsyançıların hücumuna NATO aviasiyası havadan dəstək verir. Hər iki tərəf böyük itkilər verir, son 12 saat ərzində 1500 nəfərin öldüyü bildirilir. Paytaxtda mövqe tutan hökumət qoşunlarına ilk zərbə bu gecə endirilib, daha sonra Tripolidən 27 kilometr uzaqlıqda yerləşən hərbi baza ələ keçirilib. Bundan başqa Qəddafinin oğlu Xamisin rəhbərlik etdiyi elitar briqadanın kazarmaları da üsyançılar tərəfindən tutulub. Üsyançıların bir hissəsi isə şəhərə dənizdən daxil olub.

Bakı vaxtı ilə 04.30-da Tripolidə əsas strateji obyektlər - liman, aeroport, televiziya üsyançıların əlinə keçib. Bununla belə şəhər mərkəzində binaların damına yerləşdirilmiş snayperlər üsyançıların irəliləməsinə mane olur. "Reuters"in məlumatına görə, Müəmmər Qəddafinin oğlu və varisi Seyf əl-İslam öz mühafizəçiləri ilə birlikdə əsir götürülüb. Hazırda onun Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verilməsinə dair danışıqlar aparılır. Liviya liderinin digər iki oğlu Məhəmməd və Səid də əsir götürülüb. Məhəmməd Kəddafi "Əl-Cəzirə" telekanalına açıqlama verən zaman canlı yayımda atəşə tutulub. Efirdə evinə hücum edildiyini deyən Məhəmməd Qəddafi əsir götürülüb və canlı yayım yarımçıq kəsilib.

Müəmmər Qəddafinin taleyi isə məlum deyil. "Reuters" agentliyi polkovnikin həbs olunduğu barədə məlumat yaysa da, sonradan bu xəbər təkzib olunub. Bəzi məlumatlara görə, Qəddafi istefaya getməkdən imtina edib və üsyançıları hərbi əməliyyatları dayandıraraq danışıqlara başlamağı təklif edib. Son məlumata görə, televiziya ilə çıxış edən Qəddafi Tripolidə olduğunu və təslim olmayacağını deyib.

Görünür, Qəddafi "öldü var, döndü yox", prinsipindən əl çəkməyəcək.

Tofiq Əliyev

O.M.