Rəşad Məmmədov və digərlərinin məhkəməsi davam edib

Rəşad Məmmədov və digərlərinin məhkəməsi davam edib

7 İyun 2016 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsfəndiyar İsfəndiyarov prokurorun suallarını cavablandırıb. Bildirib ki, Zabil Salmanova 236 kvadratmetr qeyri-yaşayış sahəsi üçün 4 milyon 700 min pul verib. O, Zabil Salmanova məxsus obyektin Arzu Məmmədovun adına keçirilməsini isə sənədləşmə işlərinin rahat olması ilə əlaqələndirib: "Rəşad Məmmədovun həyat yoldaşına əziyyət verməmək üçün sənədləşmə işləri başa çatana kimi obyekti Arzunun adına keçirmişdik. Sənədləşmə işləri yekunlaşanda Rəşad Məmmədovun həyat yoldaşının adına keçiriləcəkdi".

Prosesdə digər təqsirləndirilən Arzu Məmmədov da ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib. Qeyd edib ki, İsfəndiyar İsfəndiyarov onun dayısı oğludur: "Bir gün mənə dedi ki, belə bir yer var sənin adına rəsmiləşdirək, başqasına etibar etmirəm. Mən də razılaşdım".

A. Məmmədov istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edib.

Məhkəmə prosesi iyunun 10-da davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib.

Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

Mediainfo.az