Samvel Babayan:  "Azərbaycan dünyada ən güclü raketdənmüdafiə sisteminə malik dörd ölkədən biridir"

Samvel Babayan: "Azərbaycan dünyada ən güclü raketdənmüdafiə sisteminə malik dörd ölkədən biridir"

6 İyun 2016 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

"Mən Qarabağa hansısa siyasi post tutmaq üçün gəlməmişəm, keçmiş vəzifələrim məni maraqlandırmır". Virtualaz.org xəbər verir ki, bunu qondarma "DQR"in keçmiş "müdafiə naziri", ötən bazar günü Xankəndinə qayıdan Samvel Babayan jurnalistlərə deyib.

"Samo" bildirib ki, əsas məqsədi erməni ordusunun müdafiə sisteminin möhkəmləndirilməsinə kömək etməkdir. Onun fikrincə, Azərbaycan ən azı il yarım-iki il ərzində irimiqyaslı müharibəyə başlamayacaq, ona görə də müdafiə sistemini möhkəmləndirməyə hələ vaxt var.

Samvel Babayan bundan əvvəl Ermənistan mətbuatına müsahibəsində ordunun təchizatında əsas diqqəti hava və raket müdafiə sistemlərinə yönəltməyin vacibliyi haqda fikirlərinin tənqid olunmasına da münasibət bildirib. "Birincisi, gərək ağıla malik olasan ki, mənim təkliflərimi qəbul edəsən. İkincisi, mən bir daha təkrar edirəm: Azərbaycan İsrail istehsalı olan raketdən müdafiə sisteminə malikdir. Mənə məlumdur ki, Azərbaycan özünün Havadan Müdafiə Sistemini təkmilləşdirmək üçün 4 divizion "Dəmir günbəz" alıb və yerləşdirib. Mən hətta onların Azərbaycan boyu harada yerləşdirildiyini də deyə bilərəm. İndi mənim informasiyam köhnəlib, yoxsa onların?"-Samvel deyib.

"Əgər həmin adam deyirsə ki, dünyada belə sistemə malik olan cəmi üç ölkə var, o zaman mən də deyirəm ki, Azərbaycan dördüncü ölkədir. Və indi kim köhnəlib, mən yoxsa onlar? Əgər onlar belə sadə şeyləri bilmirsə daha nədən danışasan? Ya bilib sizi aldadırlar, ya bilmirlər və deməli parazitlik edirlər"-o əlavə edib.

Babayan deyib ki, bu kimi məsələləri "DQR hakimiyyəti" ilə müzakirə etmək istəyir, ancaq hələlik planlaşdırılmış görüş yoxdur.

==========

Bu gün işğal altındakı Xankəndində qondarma "DQR parlamenti"nin deputatı, müxalif "Milli dirçəliş" hərəkatının lideri Ayk Xanumyan xüsusi amansızlıqla döyülüb. Virtualaz.org 1in.am saytına istinadən xəbər verir ki, Xanumyan xəstəxanaya yerləşdirilib. Onun kimlər tərəfindən döyüldüyü haqda hələlik məlumat verilmir.

Ayk Xanumyan "DQR"in keçmiş "müdafiə naziri", general Samvel Babayanın əsas tərəfdarıdır və onun yenidən Qarabağda "müdafiə naziri" olması uğrunda mübarizə aparır. Samvel Babayan bu günlərdə Moskvadan qayıdıb. Ötən bazar günü Qarabağa gəlib və onu minə yaxın tərəfdarı qarşılayıb. Xankəndinin mərkəzi meydanında Xanumyanın təşkilatçılığı ilə mitinq keçirlib və aksiyaçılar Samvel Babayanın "müdafiə naziri" təyin olunması tələb ediblər. Xanumyan bildirib ki, Xankəndi polisinin rəisi "prezident" Bako Saakyanın Samvel Babayanla görüşəcəyini bildirmişdi. Lakin onlar "prezident iqamətgahının" qarşısına gələndə məlum olub ki, Saakyan görüşmək istəmir.

Xatırladaq ki, Samvel Babayan Ermənistan mətbuatına müsahibəsində hakimiyyəti tənqid edib, aprel döyüşlərindəki uğursuzluqların hakimiyyətin səhvləri ilə bağlı olduğunu deyib. "Samo" bildirib ki, Ermənistan hərbi və digər resurslarına görə Azərbayanla ayaqlaşa bilməz və bu gedişlə azərbaycanlı əsgərlər İrəvanda çay içəcəklər.(virtulaz)

Mediainfo.az