Rusiyada həmyerlimiz güllələnib

Rusiyada həmyerlimiz güllələnib

19 Avqust 2011 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən günorta saat 12 radələrində Rusiyanın Yekaterinburq şəhərinin Sulimov küçəsində silahlı insident baş verib və nəticədə bir nəfər yaralanıb. Güllələnən şəxsin Azərbaycan mənşəli Yekaterinburq sakini 37 yaşlı Q.İkram olduğu müəyyən edilib. Boynundan ağır yaralanan həmyerlimiz 7 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Rusiya Prokurorluğu İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, istintaq araşdırması zamanı məlum olub ki, zərərçəkən təqribən saat 12 radələrində evindən çıxaraq mobil telefonu ilə danışmağa başlayıb. Bu məqamda hələ ki, şəxsiyyəti müəyyən edilməyən cinayətkar ona yaxınlaşıb və təxmini olaraq "Makarov" tipli tapançadan onun başına atəş açıb. Dərhal sonra isə cani gizlənməyə səy göstərib.

"Lakin ağır yaralanan İkram cinayətkarın ardınca qaçaraq qonşuluqdakı avtomobil mağazasının həyətində onu yaxalayıb və cani ilə əlbəyaxa olub. Zərərçəkənin vəziyyəti pisləşdiyindən cinayətkar insident yerindən qaça bilib", - deyə İstintaq Komitəsindən bildiriblər.

Rusiya Daxili İşlər İdarəsinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerindən iki giliz götürülüb və insidentin münaqişə zəminində baş verdiyi ehtimal edilir.

Hazırda cinayətin motivləri araşdırılır. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə ("Adam öldürməyə cəhd") cinayət işi qaldırılıb. Qeyd edək ki, həmyerlimiz əvvəllər "Ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə məhkum olunub.

Qanundan qaçmaq heç də hadisə yerindən qaçmaq qədər asan deyil.

Tofiq Əliyev

O.M.