Allahşükür Paşazadənin deputat qardaşı haqda Mehriban Əliyevaya şikayət məktunu ünvanlandı

Allahşükür Paşazadənin deputat qardaşı haqda Mehriban Əliyevaya şikayət məktunu ünvanlandı

4 İyun 2016 08:56
Bəyəndim (0) Bəyənmədim (0)

Deputat Cavanşir Paşazadə ilə şərik olmuş Müğdət Həşimovun bacıları Heydər Əliyev Fondunun prezidentinə müraciət etdilər

Həşimovalar: "Ailəsinin tifaqını dağıdan Paşazadələr, onun həyatını yerlə yeksan edən o tamahkar dəstə bizi də çıxılmaz vəziyyətə salıb"

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin ailə üzvləri ilə şərik olmuş Müğdət Həşimovun bacıları Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Surəti "Yeni Müsavat"a göndərilən müraciətdə Həşimovalar yazırlar:

"Çox hörmətli Mehriban xanım! Biz sadə Azərbaycan qadınları, anaları, bacıları kimi Sizə müraciət edirik, Sizə üzümüzü tuturuq. Biz 4 bacıyıq. Tək qardaşımızın 59 yaşı var, 2 dəfə infarkt keçirib. 2010-cu ildə ürəyində açıq cərrahiyyə əməliyyatı aparılıb, bu gün 4 dərman atmaqla yaşayır. Ziyalı adamdır. ADU-nun filologiya fakültəsini bitirib, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvüdür. 10 aydan artıqdır ki, deputat Cavanşir Paşazadənin sifarişi ilə günahsız olaraq zindan həyatı yaşayır. Hazırda onun ağır xəstəliyə düçar olan oğlu bizim himayəmizdədir. Qardaşımız azadlıqda olanda oğlunun müalicəsi aparılırdı. Paşazadələrin onun başına olmazın oyunlar açması 2 ildən çoxdur ki, həmin uşağın da müalicəsini yarımçıq qoyub, xəstəliyi şiddətlənib. Ailə tifağı dağıdan Paşazadələr, onun həyatını yerlə yeksan edən o tamahkar dəstə bizi də çıxılmaz vəziyyətə salıb.

Əziz Mehriban xanım!

Siz də ana, bacısınız, xeyirxah və mərhəmətlisiniz! Qardaşımızın xəstə övladının müalicəsinə biz zəhmətkeş adamların gücü çatmır, mümkünsə bizi qəbul edin, bu ailənin xilası üçün Sizə uzanan əlimizdən tutun. Yeganə qardaşımız zindanda zülm çəkdikcə biz də, onun ailəsi də çöldə zindan həyatı yaşayırıq. Göydə Allahdan, yerdə Sizdən ümüdümüzü üzmürük".

Qeyd edək ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan M.Həşimova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə) 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələri ilə ittiham elan olunub. M.Həşimov ittihamları qəbul etmir və Paşazadələrin sifarişi ilə həbsə atıldığını iddia edir.

E.MƏMMƏDƏLİYEV