Orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanının vaxtı açıqlandı

Orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanının vaxtı açıqlandı

19 Avqust 2011 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il avqustun 28-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək. Bu il orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu iyulun 2-də elan edilib. Qəbul qaydaları, qəbul haqqında elan, qəbul aparılan ixtisasların siyahısı və plan yerləri haqqında məlumat "Abituriyent" jurnalının 4-cü sayında dərc olunub. Bu il ikinci ildir ki, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu ilə bağlı abituriyentlər ərizələrini internet vasitəsilə doldurublar. Bundan sonra abituriyentlər iyulun 5-dən avqustun 10-dək tələb olunan sənədləri təhsil aldıqları müəssisənin yerləşdiyi rayonda fəaliyyət göstərən SQK-ya təqdim edərək ərizələrini təsdiq etdiriblər.

Qəbul imtahanında iştirak etmək üçün 31251 abituriyent ərizə təqdim edib.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi" və "Abituriyentin vəsiqəsi"ni elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından 24, 25, 26 və 27 avqust tarixlərində saat 10:00-dan 17:00-dək əldə edə bilərlər.

Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9642 plan yerindən 8449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçiriləcəkdir. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanacaq.

Bakı şəhərində 12911, Sumqayıtda 1956, Naxçıvanda 1070, Gəncədə 4052, Lənkəranda 2102, Mingəçevirdə 1273, Şəkidə 1714, Şirvanda 1632, Ağcabədidə 850, Göyçayda 1824, Xaçmazda 1867 abituriyent imtahan verəcək.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.

Bəziləri öz bəxtinə, bəziləri isə öz savadına güvənir. Çalışın, hər zaman öz savadınıza güvənin.

Tofiq Əliyev

O.M.