Yanğınsöndürən maşın aşdı

Yanğınsöndürən maşın aşdı

17 Avqust 2011 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə paytaxtın Xətai rayonu Nobel prospektində Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus yanğınsöndürən maşın qəza törədib. Hadisə zamanı nazirliyin əməkdaşı Cabbar Məmmədovun idarə etdiyi "Kamaz" markalı maşın idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza nəticəsində sürücü və yanğınsöndürən maşında olan sərnişinlər arasında ciddi xəsarət alan olmayıb. Aşan maşının sürücüsü Cabbar Məmmədov dönmə əməliyyatı vaxtı qarşısında qəfil maşın dayandığını, sükanı sağa çevirəndə isə maşının arxasının qaçaraq aşdığını bildirib. Sürücü həmçinin avtomobildə 5 nəfər olduğunu və təlimə getdiklərini bildirib.

Hadisədən sonra əraziyə FHN-nin yüksək vəzifəli şəxsləri, o cümlədən qəzaya düşən maşını ərazidən uzaqlaşdırmaq üçün bir neçə yanğınsöndürmə avtomobili də cəlb edilmişdi. Amma aşan maşın ağır tonnajlı olduğundan qəzanın fəsadları başqa vasitələrlə aradan qaldırıldı. Belə ki, aşan avtomobil əraziyə çağırılan kranın köməkliyi ilə düzəldilib və qoşqu vasitəsilə başqa bir yanğınsöndürən maşına bağlanaraq hadisə baş verən ünvandan uzaqlaşdırılıb.

Qeyd edək ki, aşan yanğınsöndürən maşının mühərrikindən axan yağ və digər yanacaq məhsulları qəza baş verən ərazidə yolun asfalt örtüyünü bərbad hala salmışdı. Hətta həmin ərazidə digər nəqliyyat vasitələrinin də sürüşərək qəza törətmək ehtimalı var idi. Bunu nəzərə alan yanğınsöndürənlər yolu təmizləyərək həmin ərazidə baş verə biləcək mümkün qəzaların qarşısını özləri aldılar.

Tofiq Əliyev

O.M.