Qeyri-qanuni fəaliyyət göstərən 8 aptek bağlandı

Qeyri-qanuni fəaliyyət göstərən 8 aptek bağlandı

11 Avqust 2011 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2011-ci ilin 6 ayı ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana əsasən təkrar reydlər keçirilib. Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə, ümumilikdə respublika üzrə 59 aptekə baxış keçirilib, bunlardan 12 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 39 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 8 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb. Aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyətləri dayandırılıb.

Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 3 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib.

Həmçinin keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1150 seriya (4987 qutu), istifadə müddəti bitmiş 12 qutu dərman preparatları aşkarlanaraq müsadirə edilib.

Analitik Ekspertiza şöbəsi tərəfindən respublikaya idxal olunan 12540 seriya dərman preparatlarının nümunələrinin labarator yoxlamaları aparılıb.

Səhiyyə Nazirliyinə yeni təşkil olunan aptek təşkilatlarına baxış keçirilməsi ilə əlaqədar daxil olmuş məktublar əsasında respublikanın müxtəlif bölgələrində yaradılacaq 368 obyektə baxış keçirilərək 279 obyektə müsbət, 89 obyektə mənfi rəylər tərtib edilib.

Səhiyyə Nazirliyinin qaynar xətt telefonu vasitəsilə Mərkəzə 74 sayda müraciət daxil olmuşdur. Bunlardan apteklərdən alınan dərman vasitələrinin seriyalarının yoxlanması məqsədilə olunan müraciətlər çoxluq təşkil etmiş, şikayətlərlə bağlı müvafiq tədbirlər görülüb.

Son altı ay ərzində 492 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikasının Dövlət Reyestrinə salınmışdır. Hal-hazırda Azərbaycan Respublikasının Dövlət Reyestrində 3940 adda dərman vasitəsi var ki, bunların da ölkə ərazisinə idxalına və istifadəsinə icazə verilib.

Dərdimizə dərman ola bilməyən apteklər bağlandı.

Tofiq Əliyev

O.M.