Lənkəranda mikroavtobus aşdı

Lənkəranda mikroavtobus aşdı

11 Avqust 2011 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Şəhər Polis Şöbəsinin (ŞPŞ) müstəntiqi Murad Rzayevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə bu gün saat 11.00 radələrində şəhərin 20 Yanvar və Mirzə Məhəmməd Axund küçələrinin kəsişdiyi yerdə qeydə alınıb. Astara rayon sakini, 1983-cü il təvəllüdlü Zamiq Zahir oğlu Əliyevin idarə etdiyi "VAZ-2107" markalı, 07 BD 620 dövlət nömrə nişanlı avtomobil Lənkəran-Astara marşrutu üzrə işləyən Astara rayon sakini, 1970-ci il təvəllüdlü Bəxtiyar Ariz oğlu Ələkbərovun idarə etdiyi "QAZEL" markalı sərnişin mikroavtobusu ilə toqquşub. Zərbənin təsirindən "QAZEL" aşıb və içindəki iki sərnişin - Astara rayon sakinləri, 46 yaşlı Feyruz Məmmədov və Ağəddin Məmmədov baş və boyun nahiyəsinin qapalı travması və əzilməsi, kəllə-beyin travması diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) travmatologiya şöbəsinə yerləşdirilib. MRX-nin şöbə müdiri Rövşən İmanverdiyevin APA-ya verdiyi məlumata görə, hər iki yaralıya müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyətləri stabildir. Müstəntiq M. Rzayev isə qəzanın "VAZ-2107" markalı avtomobilin sürücüsünün "STOP" nişanının tələblərini pozması və sürət həddini aşması səbəbindən baş verdiyini bildirib.

Sürücülər yola çıxarkən unutmamalıdırlar ki, onların yolunu gözləyən var.

Tofiq Əliyev

O.M.