Yük maşını dirəkləri aşırıb, evləri işıqsız qoydu

Yük maşını dirəkləri aşırıb, evləri işıqsız qoydu

11 Avqust 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakının Binəqədi rayonu, 1-ci mədən, 43-cü korpus deyilən ünvanın sakinləri baş vermiş bir qəzadan sonra işıqsız qalıblar. Hadisə Binəqədi şossesi ilə hərəkətdə olan qoşqulu "Kamaz" markalı yük maşınının qəfildən adıçəkilən ünvanda yerləşən yüksək gərginlikli üç elektrik dirəklərini aşırması zamanı baş verib. Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. Nəticədə elektrik dirəkləri ilə yanaşı elektrik xətləri də sıradan çıxıb və ətrafdakı evlərə elektrikin verilməsi dayanıb.

Hadisənin şahidi Sərxan Abışov, sürücünün dirəkləri bir-bir aşıraraq getdiyini, sonra isə maşını tərk edərək hadisə yerindən qaçdığını deyib.

Hadisə zamanı sevindirici bir hal isə xəsarət alanların olmamasıdır. Qəzadan sonra sözügedən ünvana Binəqədi rayon polis idarəsinin və dövlət yol polis şöbəsinin əməkdaşları cəlb olunub. Yol patrul xidməti müfəttişləri hadisə şahidlərinin bildirdiyi istiqamətdə gedərkən, deyildiyi kimi, həmin "Kamaz" markalı yük maşınını sahibsiz halda aşkarlayıblar.

Qeyd edək ki, qəza nəticəsində avtomaşına da müəyyən ziyan dəyib. Faktla bağlı akt tərtib edilib və şahid ifadələri alınıb. Avtomobil sahibinin müəyyən edilməsi və onun məsuliyyətə cəlb olunması istiqamətində araşdırmalar davam edir.

Qanundan qaçmaq heç də hadisə yerindən qaçmaq qədər asan deyil.

Tofiq Əliyev

O.M.