Şair Saday Şəkərlinin məhkəməsi davam edib

Şair Saday Şəkərlinin məhkəməsi davam edib

6 Aprel 2016 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hal şahidləri ifadə verib. Onların istintaqa verdiyi ifadə ilə məhkəmə zamanı verdiyi ifadələr arasında ziddiyyətlər yaranıb.
Prosesdə vəkil Bəhruz Bayramov vəsatətlə çıxış edərək əsas şahid olan Vergilər Nazirliyinin əməkdaşı Asif Cahangirovun məhkəməyə gətirilməsini tələb edib: "Saday Şəkərli bir başa olaraq bu şəxsin ərizəsi ilə həbs edilib. Yalnız bu şəxs məhkəməyə gəlməkdən boyun qaçırır. Xahiş edirəm məhkəməyə məcburi gətirilsin".

Vəsatət baxılmamış saxlanılıb. Asif Cahangirova bildiriş göndərilib.
Məhkəmə prosesi aprelin 14-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il dekabrın 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mediainfo.az