"Oriflame" firmasına xəbərdarlıq edilib

"Oriflame" firmasına xəbərdarlıq edilib

10 Avqust 2011 13:16
1 261
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Q.Qarayev prospekti, 61c ünvanında fəaliyyət göstərən "Oriflame" şirkətində qanunsuzluqlar aşkarlayıb. Nazirliyin mətbuat xidmətinə istinadən verdiyimiz məlumata görə, şirkətdə parfüm və kosmetik məhsulların təbliği, qablaşdırılması, satışı zamanı istifadə olunan bütün reklam daşıyıcılarında haqsız və qeyri-dəqiq reklama, habelə istehlakçıların hüquqlarının pozulmasına yol verildiyi müəyyən edilib.

Məhsulların reklamı zamanı müvafiq təsdiqedici sənədlər olmadan məhsulların təbii xammaldan hazırlanması və İsveç məhsulu olması barədə "təbii İsveç kosmetikası" və "natural Swedish cosmetics" sözlərindən, həqiqətə uyğun olmayan "30% miqdarında dərhal gəlir əldə edin" ifadəsindən, eləcə də müvafiq təsdiqedici sənədlər olmadan "ən" terminindən istifadə edildiyi müəyyən edilib.

Bundan başqa, məhsulların dəyərinin ödənilməsi ilə bağlı istehlakçıların sərbəst seçim hüququnun məhdudlaşdırıldığı, şirkətin internet saytında qeyri-nağd qaydada ödənişin yalnız bir bank vasitəsi ilə aparılması tələbi qoyulmaqla bir banka rəqabətdə əsassız üstünlük verildiyi aşkar edilib.

Eyni zamanda, istehlakçıların zəmanət hüquqları təmin edilməyib. Əksər məhsulların markalanmasında məhsulların istifadə qaydalarına dair məlumatlar və məhsullara dair qiymət vərəqələrində Azərbaycan dilində məlumatlar verilməyib. Qiymətlərə endirim tətbiqi zamanı kataloqlarda məhsulların əvvəlki qiymətləri barədə düzgün olmayan məlumatlar göstərilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib.

Qeyd edək ki, qanun pozuntularının aradan qaldırılmasına dair Dövlət Xidməti tərəfindən "Oriflame" şirkətinə icrası məcburi göstəriş verilib və şirkətə xəbərdarlıq edilib.

Haqsız reklama yol verən şirkətə qarşı haqlı xəbərdarlıq edildi.

Günel Həbib

O.M.