Azərbaycanlı milyonçu: "Hamımız Qarabağlı olmalıyıq!"

Azərbaycanlı milyonçu: "Hamımız Qarabağlı olmalıyıq!"

5 Aprel 2016 17:04
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış iş adamının Silahlı Qüvvələrə Yardım Fonduna başlatdığı dəstək kampaniyasına xeyli imkanlı şəxsin qoşulduğu deyilir

Azərbaycanın tanınmış iş adamı, "Avesta" Konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin Silahlı Qüvvələrə Yardım Fonduna əlli min manat məbləğində vəsait köçürdüyü haqda məlumat verilmişdi. Aprelin 4-də Nehrəmlinin bu addımı barədə ölkə mediasında, o cümlədən musavat.com-da xəbər yayılmışdı. Qarabağ cəbhəsində gedən savaş fonunda bu xəbər bir qədər nəzərdən qaça bilərdi. Çünki hər kəsin gözü, qulağı cəbhəyə dikilib. Müharibənin ölkəmiz üçün böyük qələbə ilə başa çatacağı barədə məlumat istəyirdi xalq.

Fəqət Hacı İbrahimin bu davranışı da elə müharibəyə aid olduğundan ictimai diqqətdən kənar qalmadı. Bu xəbərin oxunma sayı hamının cəbhə xəbərlərinə həssas olduğu indiki situasiyada kifayət qədər idi.

Əslində qabardacaq, şişirdəcək bir şey baş verməyib: bir iş adamı öz ölkəsinin ordusuna 50 min manat məbləğində dəstək verib. Sadəcə illərdir bu cür davranışlar, jestlər bizim üçün bir qədər unudulub. Həm də Azərbaycanın iqtisadi baxımdan kifayət qədər qüdrətli ölkəyə çevrilməsi orduya ayrı-ayrı iş adamlarının bu cür yardımlarına ehtiyac yaratmayıb. Dövlətimizin imkanları o qədər geniş olub ki, orduya kənar yerlərdən dəstək verilməsinə hacət olmayıb.

Amma savaş gedərkən bu cür davranışların effekti bir başqa olur. Bu, son günlər şahidi olduğumuz milli həmrəyliyin, milli birliyin bir elementi, növbəti təzahürüdü. Həm də bir ilkdi. Ölkənin tanınan iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ödəməklə digər iş adamlarını, imkanlı şəxsləri də bu cür vacib və xeyirxah işə təhrik edir. Hacı İbrahim ortaya çox yaxşı nümunə qoyub. Yeni bir xətt açıb – cəbhə üçün, ordu üçün, əsgər üçün xeyirxah bir iş görüb. Bax, qələbə, uğur da bu cür olur: hərə əlindən gələni ordu və Vətən üçün edəndə ciddi nəticələr ortaya çıxır. Bir daha təkrar edirik – Azərbaycan dövlətinin öz silahlı qüvvələrini hər şeylə təmin etməyə gücü çatır. Ordumuz son model silahlarla təmin edilib, hərbi texnikamız yüksək səviyyədədir. Lakin müharibə şəraitində bir tanınan iş adamının belə jesti xalqın içində yaranmış ruh yüksəkliyini daha da artırır.

Jurnalist əlində qələm cəbhədə gedən döyüşlərə informasiya dəstəyi verir, siyasətçi bəyanatları ilə bu müqəddəs işə köməklik edir, bəstəkarlar, şairlər qəhrəmanlıq mahnıları yazır, iş adamları da maddi dəstəklərini əsirgəmir. Bu ayrı-ayrı istiqamətlərdəki fəaliyyətlər bütövləşəndə ölkəyə ciddi dəstək, uğur gətirir.

Müharibə aparmaq təkcə dövlətin, ordunun işi deyil. Bu qlobal və müqəddəs işə cəmiyyət dəstək olmasa qələbə əldə etmək mümkün olmaz.

Hacı İbrahim Nehrəmli özü bu barədə deyib ki, bu çətin günlərdə Azərbaycan xalqının hər bir nümayəndəsi Ali Baş Komandanın ətrafında sıx birləşməlidir: "Hesab edirəm ki, hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsi üçün əlindən gələni etməlidir. Bu bizim hər birimizin vətəndaşlıq borcudur".

İş adamı zərurət yarandığı təqdirdə bundan sonra da Azərbaycan ordusuna yardım edəcəyini diqqətə çatdırıb: "Bu təşəbbüsə bütün iş adamlarımız qoşula bilər. Hər kəs bacardığını, əlindən gələni etməlidir. İş adamlarımızı bu təşəbbüsə qoşulmağa çağırıram. İnşallah tezliklə işğal olunan torpaqlarımız cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində işğaldan tamamilə azad olunacaq. O, torpaqlarda biz iş adamları xalqımızın, dövlətimizin və cənab Prezidentimizin dəstəyi ilə dünyanı heyran qoyan layihələr həyata keçirəcəyik".

"Bu gün hamımız Qarabağlı olmalı, hər kəs torpaqların azad edilməsi işinə öz töhfəsini verməlidir"

Hacı İbrahim deyib ki, Qarabağ azad edilməsə və bu problem ədalətli həllini tapmasa Azərbaycan xalqı böyük mənada xoşbəxt ola bilməz: "Hamımız Qarabağlı olmalı, hər kəs torpaqların azad edilməsi işinə öz töhfəsini verməlidir. Ayrı-ayrı bölgələrdən olan vətəndaşlarımız, Qarabağdan və ətraf rayonlardan didərgin düşmüş bacı-qardaşlarımız əl-ələ verib qarı düşmənə qarşı birləşməliyik. Azərbaycanı zəif salmaq, başını qatmaq üçün bu problemi yaradıblar. Biz çalışıb Qarabağ məsələsini bu gün həll etməliyik ki, gələcək nəsillər bu üzücü problemlə yaşamasın. Bunun üçün malımız da, canımız Vətənə, onun ordusuna fəda olsun".

Əldə etdiyimiz məlumata görə, Hacı İbrahim Nehrəmlinin Silahlı Qüvvələrə Yardım Fonduna etdiyi dəstəyə xeyli iş adamı qoşulub.