Bu gün dəfn olunan şəhid qəbul imtahanında 700 bal toplayıbmış - FOTO

Bu gün dəfn olunan şəhid qəbul imtahanında 700 bal toplayıbmış - FOTO

5 Aprel 2016 13:05
416

Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan Müşviq Arif oğlu Orucov bu gün dəfn edilib.


1994-cü il təvəllüdlü M. Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Şəhidin cənazəsi ötən gecə yaşadığı ünvana gətirilib.

Şəhid Hövsan qəsəbəsində yerləşən "Dədə Qorqud" qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Mərasimdə Zəngilan və Xətai rayon icra hakimiyyətlərinin başçıları, Müdafiə Nazirliyinin zabitləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tabuta sərilən döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub.

Sonra 3 dəfə yaylım atəşi açılıb.

Mərasimdə "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, vətən bölünməz!" və başqa şüarlar səsləndirilib.

Şəhid artası Arif Orucov qəhrəman oğlu ilə fəxr etdiyini deyib: "Oğlum hər zaman mənim başımı uca edib, son addımı ilə də nəinki ailəsinin, bütün Azərbaycanın başını uca etdi. Vətən və torpaq uğrunda can verilməlidir. Vətən sağ olsun! Təki işğal olunmuş torpaqlarımızı geri alaq və şəhidlərimizin qanı yerdə qalmasın".

Qeyd edək ki, Müşfiq Orucov vaxtilə ali məktəbə qəbul imtahanında 700 bal toplayıb.

Mediainfo.az