Qanunsuz fəaliyyət göstərən daha bir neçə kazino aşkarlanıb

Qanunsuz fəaliyyət göstərən daha bir neçə kazino aşkarlanıb

9 Avqust 2011 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər Nazirliyinin əməkdaşları Bakıda qumar oyunları təşkil edilən yeni obyektlər aşkarlayıblar. Nazirlikdən "APA-ECONOMICS"ə verilən məlumata görə, Nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması və Vergi Auditi departamentlərinin birgə keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı Yasamal rayonu, Z.Xəlilov küçəsi,43 ünvanında Bayramov Vüsal Rəşid oğlunun obyektində, həmin küçədə 48 ünvanında yerləşən, Mirzəyev Zaur Ağahüseyn oğlunun "Milan", 32 ünvanında yerləşən, Əsgərov Soltan Mülkü oğlunun "Maximum" və Şamil Qurbanovun "Zenit" klublarında qanunsuz totalizator tipli proqnoz oyunları təşkil olunduğu aşkar edilib. Vergi əməkdaşları həmin obyektlərdən ümumilikdə 5 ədəd kompüter dəsti, futbol proqnoz qəbzləri, möhürlər, müvafiq qeydlərin aparıldığı dəftər və bloknotlar və nağd pul götürüblər.

Həmin gün Yasamal rayonu, Ş.Qurbanov küçəsi,1 ünvanında yerləşən "Effe" kafesində Novruzov Ramin Əhməd oğlunun və Xətai rayonu, M.Rüstəmov küçəsi, "Nilufər" şadlıq sarayının yanında yerləşən obyektdə İsmayılov Gülmir Aydın oğlunun da qanunsuz kazino oyunları təşkil etdikləri müəyyən olunub. İctimai-iaşə xidməti göstərən bu obyektlərdə əlavə olaraq internet vasitəsilə kazino oyunlarının, eləcə də kart və digər qumar oyunlarının keçirilməsi üçün kompyuter avadanlıqları quraşdırılaraq müvafiq şərait yaradılıb. Həmin obyektlərdən ümumilikdə qumar oyunları üçün nəzərdə tutulmuş 24 ədəd kompüter dəsti, möhür, ştamp, müxtəlif sənədlər və nağd pul götürülüb.

Bu obyektlərdə vergidən yayınma hallarının müəyyən edilməsi məqsədilə götürülmüş sənədlər və maddi sübutlar Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən aparılan yoxlamaya təqdim edilib, faktlar üzrə araşdırmalar davam edir.

Qanunsuz oyunlar keçirən şəxslər özlərini oyuna saldılar.

Tofiq Əliyev

O.M.