Şuşa bomboşdur, cənub tərəfdə ağır döyüşlər gedir...” - ERMƏNİ JURNALİST YAZIR

Şuşa bomboşdur, cənub tərəfdə ağır döyüşlər gedir...” - ERMƏNİ JURNALİST YAZIR

4 Aprel 2016 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan ordusunun aprelin 2-dən başlayaraq təmas xəttinin Ağdərə-Tərtər, Ağdam-Xocavənd və Füzuli istiqamətlərində düşmənə endirdiyi zərbələr, təmas xəttini yarması işğal altındakı ərazilərimizdə məskunlaşmış ermənilər arasında əsl panika yaradıb.

Bu qənaət heç də Azərbaycan mənbələri tərəfindən yayılan və bir çoxlarının təbliğat sayıb ötəri nəzər saldığı informasiyalara əsaslanmır. Ermənilərin özlərinin yaydıqları məlumatlar məhz belə deməyə əsas verir. Özü də həmin məlumatlar sosial şəbəkələrdə deyil, aparıcı Rusiya KİV-lərinin səhifələrində yer alır.

"Komsomolskaya Pravda" qəzeti əslən Qarabağdan olan erməni jurnalist Şaqen Nazaryandan hazırda işğal altında olan Azərbaycan ərazilərində nə baş verdiyi haqda soruşub. Şaqen Nazaryanın dediklərindən: "Mən özüm hazırda Rusiyadayam, ancaq bütün qohumlarım, o cümlədən anam Dağlıq Qarabağdadır. Bu gün, bazar günü onunla danışmışam, deyir ki, kişi əhalisi arasında səfərbərlik gedir. Şuşa şəhəri bomboşdur, hamı evlərə sığınıb. Cənub istiqamətdə-Hadrut tərəfdə isə hələ də şiddətli döyüşlər gedir. Orada mənim əmim oğlanları və bacım yaşayır, anam onlar oradan çıxarıb Şuşaya aparmağa çalışır. Əgər situasiya dəyişməsə ola bilsin uşaqları dəhlizlə İrəvan tərəfə çıxarsınlar. Stepanakertdə (Xankəndi.-red) isə hələlik sakitlikdir. Dünəndən əhalidən yaralılar üçün qan yığırlar, rezervistləri toplayırlar. Şuşa şəhərində həyat isə demək olar ki, ölüb. İnsanlar küçəyə çıxmır, ancaq heç kimi evakusiya etmirlər. Şuşa Stepanakertdən 10 kilometr məsafədədir. Şuşasız Qarabağdan Ermənistana yol olmazdı".

Erməni jurnalistin dediyinə görə Qarabağda erməniləri səfərbərliyə alırlar, ancaq hələlik silahlandırmırlar: "Könüllülərə gəldikdə isə dayım deyir ki, Ermənistandan və Qarabağın özündən könüllülər var. Ancaq başqa tanışımın dediyinə görə Rusiyadan və Avropadan da 350 erməni könüllü İrəvana getmək üzrədir".

Rusiyanın "Sputnik" beynəlxalq xəbər agentliyinin Ermənistan versiyasının müxbirləri isə hazırda Ağdərə şəhərində hökm sürən vəziyyət barədə öz reportajlarında bəhs ediblər. Reportajda deyilir ki, Ağdərə şəhəri Azərbaycan artilleriyasının zərbələri altındadır. "Şəhər tamamilə boşdur, insanların bir çoxu Stepanakertə üz tutub. Qalanlar isə sığınacaqlardadır. Şəhərin küçələrində heç bir hərbi texnika gözə dəymir. Ancaq Stepanakertə gedən yolda çoxlu mülki maşınlar gözə dəyir"-reportajda bildirilir.

Bundan əvvəl sosial şəbəkələrdə yayılan məlumatlardan məlum olurdu ki, erməni hərbçiləri işğal altındakı ərazilərdən kütləvi şəkildə qaçan mülki şəxsləri dayandırmağa çalışır. Dağlıq Qarabağdakı qondarma rejimin "hökuməti" isə təsdiq edir ki, Ağdərənin Madaqis kəndindən sakinlər tamamilə evakuasiya olunub, Ağdərədə isə sakinlər sığınacaqlarda gizlənir... (virtualaz.org)

Mediainfo.az