“Azpetrol”dakı partlayışın baş vermə səbəbi məlum olub

“Azpetrol”dakı partlayışın baş vermə səbəbi məlum olub

9 Avqust 2011 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabulun Padarçöl kəndi yaxınlığında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində 8 maşın - "İkarus" markalı avtobus, 1 benzindaşıyan maşın, treyler, "Akkord" şirkətinə məxsus yük maşını, "Qazel" markalı maşın, 3 minik maşını, böyük sahədə otlaq sahəsi yanıb.

İlkin versiyaya görə, yanğına maye qaz daşıyan avtomobildə partlayışın baş verməsi səbəb olub. Yaxınlığında partlayış baş verən benzindoldurma məntəqəsi zərər çəkməyib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar, Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən vertolyotu cəlb edilib. Hazırda yanğın tam söndürülüb. Baş verən hadisə ilə bağlı Bakı-Qazax yolunda avtomobillərin hərəkəti dayandırılıb.

Yeri gəlmişkən "Azpetrol" şirkətlər qrupu Hacıqabul rayonunda şirkətə məxsus yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışa münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Camal Zeynalov açıqlamasında bildirib ki, partlayış məntəqədə baş verməyib. Onun sözlərinə görə, partlayışa yol ilə hərəkət edən yanacaq daşıyan maşının qəzadan yaxa qurtarmaq məqsədi ilə avtomobili məntəqəyə istiqamətləndirməsi səbəb olub. Nəticədə yanacaqla dolu maşın aşıb və partlayış baş verib.

Tofiq Əliyev

O.M.