Qarabağ qan ağlarkən icra başçısının müavini  kef məclisi qurubmuş...

Qarabağ qan ağlarkən icra başçısının müavini kef məclisi qurubmuş...

3 Aprel 2016 15:57
Bəyəndim (0) Bəyənmədim (0)
Əsgərlər vətən hayında, vəzifəlilər məclis qurub

Ötən axşamdan сəbhə xəttində gərginlik pik həddə çatıb. Erməni hərbi birləşmələri gecə və gün ərzində bütün cəbhə boyu möqelərimizi və yaşayış məntəqələrimizi intensiv atəşə tutub.

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində döyüşlər gedib. Ötən axşam kəndlərimizin güləbaran edilməsi nəticəsində dinc sakinlər arasında itkilər olub. Müdafiə Nazirliyinin açıqladığı son rəsmi məlumatda bildirilir ki, Silahlı Qüvvələrimiz 12 şəhid verib, erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Təbii ki, ordumuzdan layiqli cavab alan düşmən də ciddi itkilərə məruz qalıb. Azərbaycan Silahlı Qüvvələri Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərə, eləcə də Seysulan məntəqəsinə və "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib. Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Beləliklə, ötən gecədən bütün ölkə ictimaiyyətinin diqqəti cəbhəyə yönəlib, hər kəs düşmənlə üz-üzə qalan silahsız vətəndaşlarımız, əlində silah vətən torpaqlarının müdafiəsində dayanan əsgərlərimiz üçün dua edir. Hamı cəbhədən gələcək xəbərləri həyacanla gözləyir.

Amma deyəsən heç də hər kəs - daha doğrusu bəzi məmurlar bu fikirdə deyil. Cəbhədə baş verənlər, günahsız insanların axan qanı onları narahat etmir. Bir az da dəqiqləşdirsək, cəbhədə baş verənlər Şuşa şəhər icra başçısının müavini Vüsalə Fətəliyevanın vecinə də deyil. Belə olmasaydı, məmur adı daşıyan bu xanım bu gün özü üçün kef məclisi qurmazdı.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, icra başçısı Bayram Səfərovun müavini, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri bu gün özünün yubileyini qeyd edir. Xanım məmurun doğum günü məclisi Bakının ən bahalı restoranlarından biri olan "Mona Liza"da təşkil olunub. Mənbənin bildirdiyinə görə, məclis bu saatlara qədər davam edir. Və Vüsalə Fətəliyevanın təşkil etdiyi kef məclisində bir sıra rəsmi şəxslər iştirak edir, yeyib-içir, deyib-gülür, əylənirlər... Cəbhədə baş verənlər isə heç kimin vecinə deyil.

Şuşa Qarabağın incisi, Qarabağın ürəyi hesab olunur. Çox təəssüf ki, illərdi düşmən işğalında olan şəhərin Bakıda yerləşən İcra Hakimiyyətində bu ölkənin tarixinə, qan yaddaşına, faciəsinə hörmət etməyən belə məmurlar vəzifə tutur, dövlətin pulları hesabına millətin ağır günündə özü üçün kef məclisləri qurur.

Bu gün həm də Kəlbəcərin işğal günüdür. 23 il əvvəl məhz bu gün Qarabağın bir parçası olan şəhər ermənilər tərəfindən işğal olunub, çox sayda soydaşımız öldürülüb, doğma yurd-yuvalarından didərgin düşüb. Vüsalə Fətəliyeva bu günə belə hörmət etmədən özü üçün doğum günü məclisi qurub.

Ümid edirik ki, xalqımızın bu ağır günündə kef məclisi quran icra başçısının müavini və həmin məclisdə iştirak edən digər rəsmi şəxslərlə bağlı tezliklə tədbir görüləcək.

Mediainfo.az