Yeni təqaüd sistemi imkansız tələbələri çətin vəziyyətə salıb

Yeni təqaüd sistemi imkansız tələbələri çətin vəziyyətə salıb

1 Aprel 2016 12:55
293

Tələbə Gülbahar Səmədova: "Təqaüdün verilməməsi məni təhsilimi yarımçıq qoymaq təhlükəsi ilə üz-üzə qoyub "

Cəsarət Valehov: "Tələbə orta müvəffəqiyyət göstəricisinə uyğun olaraq təqaüd ala bilər"

Etibar Əliyev: "İmkanı aşağı olan və valideynlərini itirmiş tələbələrin təqaüddən məhrum edilməsi doğru addım deyil"

Artıq tələbələr təqaüdlərini akademik göstəricilərə, yəni təhsil nailiyyətlərinə əsasən ala bilirlər. Yeni qaydaya əsasən, fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü, fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü veriləcək. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır; fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd veriləcək. Ancaq göstəriciləri bu ballara uyğun olmayan tələbələrin isə təqaüdləri kəsilib. Yeni qaydaları tələbələr bir mənalı qarşılamayıb. Xüsusən də imkanı aşağı olan və valideynini itirmiş tələbələrin əksəriyyəti öz xərclərini bu təqaüd hesabına təmin edirdi.

Elə qəzetimiz müraciət edən Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin Elektronika telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Gülbahar Səmədova da bu cür tələbələrdəndir. G.Səmədova, demək olar ki, bütün xərclərini bu təqaüd hesabına ödəyə bildiyini deyir: "Təhsilim ödənişli idi. 2013-cü ilin avqustunda atam rəhmətə getdi. Anam 2-ci qrup əlil olduğuna və ailəmizdə işləyən kimsə olmadığına görə məni təhsil haqqından azad edib, 2-ci kursdan ikiqat təqaüdlə təmin etdilər. Mən bu təqaüd hesabına kirayədə qalır, yol pulumu düzəldir, hətta dolanırdım. Ancaq indi yeni qaydaya uyğun olaraq təqaüdüm ləğv edildi. Siyahıya düşən təqaüdçü tələbələrin əksəriyyəti imtahana girərkən tapşırıqla yüksək balla giriblər. Deyirlər ki, balı imtahanda avtomotik olaraq kompüter müəyyən edir. Bəs imtahana girərkən fənn müəlliminin yazdığı imtahana giriş balına kim nəzarət edir?! Heç kim. Bu bal yalnız pul və tapşırıq hesabına verilir. Təbii ki, bu sözləri bütün müəllimlərə şamil etmirəm. Mən öz biliyim hesabına 3-cü kursa gəlib çatmışam. Ancaq təqaüdün verilməməsi məni təhsilimi yarımçıq qoymaq təhlükəsi ilə üz-üzə qoyub. Evdə məndən başqa kiçik, məktəbli bacım var. Ailəm Şirvan şəhərində yaşayır. Anam və bacım anamın əlilliyə görə görə aldığı təqaüd hesabına dolanır. Anamın aldığı təqaüd heç dərmanlarının pulunu belə ödəməyə kifayət etmir. Çox çarəsiz vəziyyətdəyəm. Mən təhsilimi tamamlamaq, gələcəkdə Azərbaycan üçün yararlı bir kadr olmaq istəyirəm. Amma görünür ki, arzum ürəyimdə qalacaq".

G.Səmədova qəzet vasitəsi ilə aidiyyəti qurumlardan imkansız, valideynini itirmiş tələbələrə güzəşt edilməsini xahiş edir.

Çox təəssüf ki, G.Səmədova kimi tələbələr kifayət qədərdir. Ancaq görünən odur ki, qərar verilərkən Azərbaycanın ali məktəblərindəki real vəziyyət nəzərə alınmayıb.

Maraqlıdır, valideynini itirmiş, imkansız tələbələrə təqaüd məsələsində hansısa güzəşt etmək mümkündürmü?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov tələbələrin yalnız göstəricisinə görə təqaüd ala biləcəyini dedi: : "Tələbə təqaüdlərinin yeni qaydalarında əsas məqam odur ki, tələbə orta müvəffəqiyyət göstəricisinə uyğun olaraq təqaüd ala bilər. Hər hansısa universitetin bir fakültəsində dövlət sifarişi ilə 50 nəfər tələbə oxuyur. Həmin təqaüddə 50 nəfər miqdarında olmalıdır. Bundan artıq ola bilməz. İndiki qaydaya görə tələbənin ödənişli və ya ödənişsiz fakültədə oxumasından asılı olmayaraq semestr imtahanları zamanı orta uğur göstəricisinə uyğun olaraq 50 nəfər üçün nəzərdə tutulan yerə iddia verə bilərlər. Burada kiminsə tapşırılması mümkün deyil. İmtahan nəticələri informasiya texnologiyaları vasitəsilə elan olunur".

"XXI əsr" Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev yeni qayda ilə çox az bir kəsimin təqaüd ala biləcəyini dedi: "Daha yuxarı nəticə göstərənlər müəyyən məbləğdə təqaüdlə təmin olunurlar. Ancaq imkanı olmayan ailələrin uşaqları üçün bu sistem yaxşı deyil. Əslində bu sistem konkret olaraq imkansızlara, yaxud da valideynlərini itirmiş tələbələrin təqaüddən məhrum etməsini konkret olaraq nəzərdə tutmur. Hesab edirəm ki, o təminat qalsa yaxşı olardı. Hər halda istənilən tələbə o göstərilən kriteriyaları yerinə yetirə bilməyəcək və çox kiçik bir kəsim təqaüdlə təmin olunacaq. İmkanı aşağı olan və valideynlərini itirmiş tələbələrin təqaüddən məhrum edilməsi doğru addım deyil. Əslində bir tərəfdən də onlarda yaxşı oxumağa can atmalıdırlar. İndiki təqaüd sistemi birbaşa motivasiya yönümlü təqaüd sistemidir".

E.Əliyev bildirdi ki, ali məktəblərdə bir başa məsələyə təsir edəcək qiymət şişirdilməsinə yol vermək olmaz: "Əgər ali məktəblərdə qiymət şişirdilməsinə yol verəcəklərsə, yeni qəbul olunmuş təqaüd sistemi gözdən düşmüş olacaq. Bu sistem tələbələrdən daha çox çalışmağı tələb edir. Əgər burada pul və tapşırıq rol oynayacaqsa, bu çox böyük narazılığa səbəb olacaq".

Mediainfo.az